Leriklilər Prezident İlham Əliyevi daim dəstəkləyirlər

Ali baş Komandanımız cənab İlham Əliyevin Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri, işğaldan azad edilmiş Qarabağ torpaqlarında quruculuq və bərpa işlərinin görülməsi istiqamətində atdığı uğurlu addımlar bir şəhid atası kimi məni də qürurlandırır.
Oğlum, baş leytenant Əliqismət Yaqublu Qarabağ uğrunda Vətən Müharibəsinin ilk günündən döyüşlərə atılmış, Murovdağın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, Şuşa şəhərinin işğaldan azad edilməsində şücaət göstərmiş, Şəhidlik zirvəsinə ucalmışdır.
İnanıram ki, yenidən cənnətə çevriləcək Qarabağ torpaqlarını bir şəhid atası kimi mən də ziyarət edib bu torpaqlarda qanı ilə tarix yazan şəhidlərimizin xatirəsini ehtiramla yad edəcəyəm.

Mükafat Yaqubov,
Lerik şəhər sakini, şəhid atası.

Müzəffər Ordumuzun qalib Sərkərdəsi İlham Əliyev bu yaxınlarda işğaldan azad edilmiş rayonlarımıza səfər edərkən böyük qürur hissi ilə dedi : “Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz şəhidlərimizin qanını aldır, biz düşməndan qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Biz bu bölgəni-Qarabağı cənnətə çevirəcəyik.”
Bəli, zəfər tariximizi yazan ölkə rəhbərinin erməni qəsbkarları tərəfindən dağıdılaraq viran qoyulmuş şəhər və kəndlərimizin bərpasına yönələn bu ilk mətin addımlar bir vətəndaş olaraq məndə də böyük ruh yüksəkliyi yaradıb. Qarabağın dirçəldilməsinə biz gənclər də öz töhfəmizi verməyə hazırırq.
Aytac Abbasbəyli,
Lerik rayonu, Günəşli kənd sakini.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari il fevralın 14-də işğaldan azad edilmiş Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri maraqlı və diqqət çəkən məqamlarla yaddaşlara həkk olundu. Ali Baş Komandan dağıdılmış kəndlərin və şəhərlərin bərpası, “yaşıl enerji” zonasının yaradılması, Vətən müharibəsində tarixi zəfər qazanılması, erməni vandalizminin nəticələri, keçmişin acı səhvləri haqqında məlumat verərək qarşıdakı dövr üçün konkret vəzifələr müəyyənləşdirdi.
Möhtərəm Prezident bu dəfəki səfərində ermənilərin törətdiyi vandalizm aktlarına da geniş toxundu. Bu vandalizm hərəkətlərinin nəticələri nə qədər ağır olsa da tarixi, dini və mədəni abidələrimizin bərpası istiqamətində mərhələli şəkildə işlər görüləcəkdir. Cənab Prezident İlham Əliyev işğaldan azad edilmiş Qarabağ torpaqlarına növbəti səfəri zamanı bu barədə əminliklə bildirmişdir.

Bahar Mürsəliyeva,
Lerik şəhər sakini