Leyla Əliyeva beynəlxalq tədbirdə çıxış etdi

 

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən COP-28 çərçivəsində dekabrın 4-də Ümumi Qadınlar Birliyinin sədri Şeyxa Fatimə Bint Mübarəkin himayəsi altında “Qadınlar tərəqqiyə liderlik edir: Su və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda panel iclas təşkil olunub.

 

XALQ.AZ xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT), Ümumi Qadınlar Birliyinin və İsveçrə Qadınlar və Gücləndirmə Assosiasiyasının təşkilatçılığı ilə keçirilən iclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Almheiri iştirak ediblər.

 

İclasda bildirilib ki, iştirakçılar BMT Baş Assambleyasının təhlükəsiz və təmiz içməli su hüququnu başlıca insan hüquqlarından biri kimi təsbit edən qətnaməsinə uyğun olaraq, su idarəçiliyi ilə bağlı aktual problemi həll etmək, onun icmalara və ekosistemlərə təsirlərini araşdırmağa yönəlmiş səyləri əlaqələndirməyə və gücləndirməyə çalışacaqlar.

 

Müzakirələrdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib: “Biz görürük ki, iqlim dəyişikliklərinə görə Kür, Samur, Araz çaylarında suyun səviyyəsi aşağı düşür. Volqa çayında suyun səviyyəsi enir və bu, Xəzər dənizinə də təsir edir. Biz ötən 7-8 ildə Azərbaycanda quraqlığa şahid olmuşuq və bu da aqrar sahəyə təsirini göstərir. Hökumət ölkədə 10 su rezervuarı yaratmağı planlaşdırır və bununla problem həll olunacaq. Digər məsələ isə odur ki, təəssüf, biz ölkəmizin ərazisinin 20 faizinin 30 il ərzində işğal altında qaldığı dövrdə həmin torpaqlardakı su ehtiyatlarımızdan məhrum olmuşduq”.