London Bakıdan qat-qat kriminal şəhərdir.

Bu gün BMM-də Mətbuat Şurasının təşkilatçılığı ilə “Azərbaycana baxış: Siyasi maraqlar media müstəvisində” mövzusunda konfrans keçirilib.

XALQ.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə MŞ-nın sədri, millət vəkili Əflatun Amaşovaçıb.

Əflatun Amaşov Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı fikirlərini səsləndirib. O bildirib ki, final oyunu yaxınlaşdıqca xüsusən, İngiltərə mətbuatı Azərbaycanla bağlı müxtəlif fikirlər səsləndirib:

“Böyük Britaniyanın xarici işlər naziri tərəfdarlara Bakıya gedəndə ehtiyatlı olmağı məsləhət gördü. Bundan sonra Azərbaycanla bağlı fikirlər səsləndirildi. Bakının Londondan uzaq olması, AZAL-ın biletlərinin, otellərin baha olması gündəmə gətirildi. Erməni əsilli Mxitaryanın Bakıya gəlməsi barədə çox iddialar irəli sürüldü. Bir sıra səfirliklər var ki, Azərbaycanla bağlı qara planlarını həyata keçirməyə çalışırlar.

İddia edirlər ki, erməni vətəndaşları, hətta soyadı erməni soyadına bənzəyənlərin Azərbaycana gəlişi qadağandır. Bunun hamısı yalandır”.

Daha sonra çıxış edən millət vəkili Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycanda ciddi yarışlar keçiriləndə ölkəmizə qarşı təxribat başlayır:

“Hər şey Böyük Britaniyanın xarici işlər nazirinin məlum bəyanatından sonra başladı. Londonda oğurluq halları Bakıdan 3 dəfə çoxdur. Bəyanatda deyilir ki, Bakının arxa küçələrində, qaranlıqda sizə qarşı dələduzluq ola bilər. Bakı çil-çıraq içərisində alışıb-yanır. Guya Böyük Britaniyanın xarici işlər nazirinin Bakının vəziyyətindən xəbəri yoxdur? London Bakıdan qat-qat kriminal şəhərdir. 2016-cı ildə London dünyanın ən kriminal şəhəri olub. Azərbaycanda 12 minə yaxın Böyük Britaniya vətəndaşı yaşayır və işləyir. Necə olur ki, onlara qarşı bir dənə də olsun kriminal hadisə baş vermir? O zaman niyə görə, “Çelsi” – “Arsenal” oyunu zamanı Bakı təhlükəli şəhərə çevrilir?”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, Böyük Britaniyanın yaydığı bəyanatla bağlı Azərbaycanda yaşayan ingilislərə qarşı müraciət etmək lazımdır:

“Azərbaycanda gecə klublarında ən çox olan elə İngiltərə vətəndaşlarıdır. Onlar özləri öz Xarici İşlər Nazirliyinə bildirsin ki, Azərbaycanda onlar üçün təhlükə yoxdur. Dünyanın ən xuliqan azarkeşləri elə ingilislərdir. Deyirlər, 2 gün ərzində 7 milyonluq pivə içəcəklər. İki günə bir elə pivə içəndən sonra dava düşəcək də”.

 

Digər çıxışçılar da danışdıqdan sonra Əflatun Amaşov bildirib ki, sabah məsələ ilə bağlı bəyanat veriləcək.