“Məktəblərdə bəzi xoşagəlməz hallara mobil telefon səbəb olur” – Ekspert

Cəmiyyətdə ara-sıra məktəblərdə şagirdlərin mobil telefondan istifadəsi məsələsi müzakirə olunur. 

Elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ilinin başlanması münasibətilə keçirdiyi brifinqdə buna toxunaraq məsələnin üzərində işləndiyini bildirib. Onun sözlərinə görə, ötən ildən şagird davranış qaydaları müəyyən edilib və pilot layihə kimi bir neçə məktəbdə tətbiq olunur:

“Məktəbə telefon gətirmək qadağan deyil. Lakin bu, daxili qaydalarla tənzimlənə bilər. Şagirdin dərsin ortasında telefon çıxarması yolverilməzdir. Hazırda biz bu məsələnin üzərində işləyirik”. 

Nazir, həmçinin bildirib ki, bir çox hallarda bu, valideynlərlə əlaqə üçün lazım olur. Ona görə valideynləri də başa düşmək lazımdır:

“Gələcəkdə qadağa mümkündür, amma hazırda qadağan deyil. Lakin dərs zamanı telefonla oynamaq olmaz”.

Hazırda telefon hər bir kəsin ən lazımlı əşyasına çevrilib. Telefon təkcə ünsiyyət, əlaqə vasitəsini yerinə yetirən adi əşya deyil, həmçinin, internetdən istifadə etməklə kitab oxumaq, xarici dil öyrənməkdə yardımçı vasitə, şagirdin özünü inkişaf etdirməkdə lazım olan elmi məqalələr, sənədli filmlərin də toplandığı onlayn məkandır. Lakin ölkəmizin reallığı başqadır. Hazırda nazirin sözlərinə görə, məktəblərdə hər 11 şagirdə 1 kompüter düşür. Bu da dərs zamanı şagirdlərin hamısının internetdən istifadəsini əlçatan etmir. Həmçinin, məktəblilər telefondan həm də valideynləri ilə əlaqə saxlamaq üçün istifadə edirlər. Çünki Azərbaycanda bir neçə özəl məktəb istisna olmaqla dövlət məktəblərinin servis xidməti yoxdur. Bütün bunlar şagirdin məktəbə telefon gətirməsini zəruri edir.

Mövzu ilə bağlı   təhsil eksperti Kamran Əsədov məktəblərimizin elektron resurslardan istifadəyə görə geri qaldığını deyib:

“Orta məktəblərdə mobil telefon istifadəsinin qadağan olunması məqsədəuyğundur. Məktəblərdə bəzi xoşagəlməz hallara da mobil telefon səbəb olur. Şagirdə mobil telefon yalnız valideynləri ilə əlaqə saxlamaq üçün vacibdir. Yəni o, məktəbə gəlməsi, məktəbdən çıxması barədə valideyninə məlumat verir”. 

Ekspert  hesab edir ki, məktəblərin girişində turniketlər quraşdırılsa və ya əl izi tətbiq edilsə, valideynlər bundan xəbərdar olarlar. O, məktəbin daxili nizam-intizam qaydaları ilə bunları tənzimləməyin mümkün olduğunu qeyd edib:

“Məktəb rəhbəri şagirdlərin məktəbdə telefondan istifadəsi məsələsinin tənzimlənməsi ilə bağlı bu və ya digər qərarı verməkdə müstəqildir. Qüvvədə olan qanunvericiliyə görə, təhsil müəssisələrində zərurət olduğu təqdirdə, yalnız araşdırma və hər hansı müvafiq tətqiqat aparmaq məqsədilə mobil texnologiyalardan – mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər”. 

O, müəllimlərin də dərs zamanı mobil telefondan istifadəsinin məhdudlaşdırılmasının tərəfdarıdır:

 “Ümumiyyətlə, tədris prosesinin gedişatını pozan vasitələrin orta məktəblərdə səmərəsiz istifadəsinə yol verməmək lazımdır. Amma elektron lövhələr, dərs izah etmək üçün istifadə edilən cihazlar, tədris prosesində faydalı məlumatlar almaq üçün işlədilən vasitələr məktəblərdə ola bilər. Sadəcə, elektron dərsliklər istifadə olunmadığına görə orta məktəblərdə mobil telefon qadağasını gündəmə gətirmək doğru olar. Hesab edirəm ki, ölkəmizdə belə bir qadağanın tətbiq olunması yalnız təhsilin keyfiyyətinə müsbət təsir edə bilər”.