Məktəblərlə bağlı vacib təklif

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev özəl məktəblərdə müşahidə kameralarının quraşdırılmasını təklif edib.

Bu barədə fikirlərini bölüşən deputat deyib ki, belə olan halda, rəhbərlik və valideynlər özəl müşahidə kameraları vasitəsilə uşağın nə etdiyini, müəllimlərin onunla rəftarını izləyə bilərlər.

 

“Özəl təhsil müəssisələrinin çoxunda kameralar yoxdur və yaxud kameraların geniş yaddaşı və kənardan müşahidə olunma imkanları yoxdur. Bu hallar məktəblərdə özbaşınalıq hallarının baş verməsinə səbəb olur. Ölkənin bir çox məktəblərində şagirdlərin bir-biriləri ilə, həmçinin müəllimlərin şagirdlərlə davranışları və bunun fəsadları haqqında çoxumuz məlumatlıyıq. Məktəblər kameralaşdırılsa, bu problemlərin aradan qalxacağı, azalacağı şübhəsizdir. Orta məktəblərdə, xüsusilə ibtidai siniflərdə onlayn kamera görüntülərini izləmək funksiyası olsaydı, təhsil və nizam-intizamla bağlı problemlər aradan qalxardı. Təhsil müəssisələrində kameraların quraşdırılması dərslərin yüksək səviyyədə keçirilməsi, ciddi qayda-qanun, nizam-intizamın gözlənilməsi üçün əvəzsiz vasitədir. Təhsil ocaqlarının kameralaşması böyük məbləğdə vəsait tələb etsə də, özəl məktəblərin yüksək qiymətləri onların kameralaşma xərclərini ödəmə imkanlarının olduğunu bildirir. Bildiyiniz kimi, son illər ərzində orta məktəblərdə ciddi problemlər və xoşagəlməz hadisələr baş verir. Əgər kameralar quraşdırılsa, validenlər kameradan baxar ki şagirdlər nə edir. Qeyd edək ki, bir çox məktəblərin dəhlizlərində kamera sistemi quraşdırılsa da, siniflərdə quraşdırılmayıb. Belə olan halda dəhlizlərə nəzarət mümkündür, lakin sinif otaqlarında şagirdlərin və müəllimlərin davranışları nəzarətdən kənar qalıb. Baş verən problemlərin qarşısının alınması kameralaşdırılmadan keçir”, – deputat bildirib.