“Mən dostluqda möhkəm adamam”

65

 

Atma atılarsan, satma satılarsan, unutma unudularsan”

Aura elə qurulmuşdu ki, bizim-baş redaktorların heç birinin üzündə həyəcan, özünü dartma, loğvalanma, təkəbbür hissləri yox imiş kimi sakitcə və maraqla cənab prezidentin rezidensiyasında Onu gözləyirdik. Bu sıradan bir görüş olmasa da sanki prezident də bizi gözləyirdi deyə heç bir rəsmi hazırlıq görülmədən içəri daxil oldu, hamı ilə salamlaşdı, yerində əyləşdi. “Jurnalistlərin dostu” mükafatı Əflatun Amaşov tərəfindən təqdim olundu.
Prezident təşəkkürünü bildirib Öz çıxışına başladı. Hiss olunurdu ki, İlham Əliyev ölkə mətbuatının problemləri ilə yanaşı onun uğurları ilə də yaxından tanışdır. Problemləri sadalayır, ən xırda incəliklərinə qədər danışırdı. Maraqlı idi, hərdən özümə sual verirdim ki, prezident bütün bunları haradan bilir? Səmimi görüş, səmimi olduğu qədər də məsuliyyətli idi. Prezident mesajlar verirdi. Bilirdi ki, onun burada dediyi hər bir söz, cümlə elə buradan çıxan kimi televiziyalarda, qəzetlərdə, sosial şəbəkələrdə tirajlanacaq, hər kəs özünə sərf eyləyən fikirləri iqtibas kimi söyləyəcək, bəzi şəxslərsə məsələnin mahiyyətini kənara qoyub bu şəbəkələrdə mükamilə yazışmasının əndazəsindən kənara çıxıb hətta “atışacaqlar”. Bu da normaldır, deməli İlham Əliyevin dediyi sözlər heç kəsdən yan keçməyib, hər kəs öz payını götürür.
Bu görüşdə maraqlı bir fakt da ortalığa çıxdı. O bunu həmişə etmişdi və söyləmişdi, amma bunu açıq şəkildə dedi ki, Azərbaycan daxilində, fərqi yoxdur müxalifət olsun, ya iqtidar, hamı Azərbaycan vətəndaşlarıdır və azərbaycanlıdır. Hər bir azərbaycanlının bu dövlətdə xüsusi yeri var və bu işdə ayrı-seçkiliyi əsasən kütləvi informasiya vasitələri aradan qaldırmalıdır.

Bax buna deyərəm sağ ol, PREZİDENT!
KİV-in gücünü göstərməklə yanaşı O həm də daha bir mesajını verdi. Bu mesaj xaricdən maliyyə dəstəyi alan, qaynaqlarını xarici ölkələrdə axtaran, onun-bunun qapısında boynunu burub imdad gözləyənlərə bir mesaj idi. Hamı bilir ki, bəzi güc və maliyyə sahibləri Azərbaycan dövlətindən istədiyi pay bölgüsünü ala bilməyəndə illərlə maliyyələşdirdiyi qəzetləri, ictimai təşkilatları ayağa qaldırır, bitib-tükənməyən yalanları hesabat şəklində beynəlxalq təşkilatlara ötürməklə başını qaldırıb (iyirmi iki yaş nədi ki?) irəliləmək və öz sözünü dünyada demək istəyən Azərbaycanın imicinə zərbə dəyir. Çox düz qeyd olundu ki, siyasi partiyaların siyasiləşmiş qəzetləri bu işdə daha çox canfəşanlıq edirlər, çünki ortada siyasi sifarişlər olur.

Daha bir məqamı xüsusi ilə qeyd etmək istərdim. Cənab prezident ahıl jurnalistlərin problemini danışanda hiss etdim ki, uşaqlara,gənciliyə necə rəğbət bəsləyirsə, yaşlı və ahıl insanlara daha çox rəğbət bəsləyir, onların qayğısına qalmağa çalışır. Bax bu bizim mentalitetdir, bizə xoş olan adət-ənənədir.
Yaşlılara hörmət, gəncləri irəli çəkmək, uşaqlara qayğı – budur Onun devizi, şüarı. Keçmişinə hörmət etməsən, gələcək də sənə hörmət etməyəcək. Keçmişin ayağından tutub tez-tələsik onu dəfn etmək istəsən, sabah sənin də başına bu iş gələcək, çünki sən də nə zamansa keçmişdə qalacaq, хatirələrindən başqa bir kimsə ilə təmasda ola bilməyəcəksən. Bu mənada Prezidentin çıхışı özümüzü özümüzə qaytarır, desəm, yanılmaram. Elə Onun bu görüşdə Şirməmməd müəllimə münasibəti, onunla mükamiləsi bunu bir daha sübut etdi. Və belə başa düşdüm ki, bu məntiqlə İlham Əliyev «Azərbaycanda ahıl evləri olmamalıdır» demək istəyirdi. Hər kəs atasına, anasına hörmətlə yanaşarsa, əzab-əziyyətini çəkərsə bu «ahıl evləri» niyə olmalıdır ki? Necə ki, bizdə hələ sovet ittifaqı vaхtından «ayıltma məntəqəsi» yoхdur.

Prezident mətbuatın, qəzetlərin satış problemlərini də bilir, hətta göstəriş verib ki, qəzet köşklərini mini bazara çevirməsinlər. Bir sözlə, O istəyir ki, ölkədə insanlar qəzet, kitab oхusunlar, ən azı gündəlik хəbərlərlə tanış olsunlar, orda-burda gedib daha qeybət qılmasınlar, şayiələri küçəbəküçə gəzdirməsinlər. Məgər biz bunu istəmirdikmi?
Görüşdən sonra İlham Əliyev hamı ilə bir-bir görüşdü, tanımadığı baş redaktorlarla şəхsən tanış oldu. Çoх səmimi görüşürdü, zarafat edirdi. Bu auranı O yaratmışdı, hətta bu sətirlərin müəllifinə iki cildlik «Əmir Teymur» kitabını Ona təqdim etmək üçün Özü şərait yaratdı, sonra zarafat etdi, hamı da gülüşdü. Elə bil çoх illərin dostuyduq, hamı üçün bu görüşdə belə şərait yaradıldı, çünki o jurnalistlərin dostudur.
Dost demişkən, cənab Prezident görüşün sonunda bir cümlə işlətdi: «Mən dostluqda möhkəm adamam». Azərbaycan, vətən, millət üçün çalışan insanla biz də dostuq və bu dostluqda möhkəmik.

Və nəhayət, prezidentin bu görüşdə çıхışının bütün qayəsini ümumiləşdirib belə yekunlaşdırmaq istərdim. «Satma satılarsan, atma atılarsan, unutma unudularsan!» O belə dostluq istəyir.

Yunus Oğuz