“Mənim ali təhsil almağım Şahinin də arzusu idi” – Şəhid xanımı

Avqustun 30-da bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlanıb. Tələbə adını qazananlar arasında Vətən müharibəsi şəhidlərinin xanımları da var.

Şəhid Zeynal Zülfüqarlının xanımı Firuzə Zülfüqarlı Xəzər Universitetinin Riyaziyyat və İnformatika ixtisasına, digər şəhidimiz Şahin Allahyarovun xanımı Kəmalə Allahyarova isə Azərbaycan Universitetinin Mühasibat uçotu ixtisasına qəbul olub.

Modern.az hər iki şəhidimizin xanımı ilə danışıb.

Firuzə Zülfüqarlı saytımıza açıqlamasında çox təəcübləndiyini vurğulayıb. O, belə bir nəticəni gözləmədiyini qeyd edib.

 

“Təəccübləndim, gözləmirdim. Keçən il də sənəd vermişdim, qəbul ola bilməmişdim. Təsadüfən oldu, necə oldu bilmədim, heyrət içindəyəm. Xəbəri mesaj vasitəsilə öyrəndim. İlk ailəmlə, valideynlərimlə paylaşdım sevincimi. Sonra isə mənə yaxın şəhid xanımlarına dedim.

Kollec sənədləri ilə subbaklavr üzrə Xəzər Universitetinin Riyaziyyat və İnformatika fakültəsinə qəbul olmuşam”, – o bildirib.

 

Kəmalə Allahyarova isə 2 ildir kollecdə oxuduğunu, indi isə ali məktəbə qəbul olduğunu vurğulayıb.

“2 ildir kollecdə oxuyurdum. Bu il isə ali məktəbə qəbul oldum. Uzun müddətdir təhsil almaq istəyirdim. Əslində fərqli ixtisas istəyirdim. Amma əsas odur ki, insan istədikdə məqsədinə nail ola bilər. Mənim ali təhsil almağım Şahinin də arzusu idi. Bütün ali məktəbə daxil olan tələbələrə uğurlar arzu edirəm.

Subbakalvr olaraq 90 bal toplamışdım. Azərbaycan Universitetinin “Mühasibat uçotu” fakültəsinə daxil olmuşam”, – o qeyd edib.

Xatırladaq ki, Azərbaycan Ordusunun kiçik giziri olan Zeynal Zülfüqarlı Murovdağın, Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, 20 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Sərhəd Qoşunlarının baş giziri olan Şahin Allahyarov usə Füzuli, Cəbrayıl, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 1-də Şuşanın azad edilməsi zamanı şəhid olan hərbçimiz Quba rayonunun Zizik kəndində dəfn olunub.