“Mənim tanıdığım Gültəkin” – Elşən Musayev yazır..

Gültəkin Hacıbəyli mövcud iqtidarı növbəti dəfə təhqir edib. Feysbuk statusunda. Yenə ittiham dalınca ittiham. Qarğış ardınca qarğış. İftira arxasınca iftira. Durmur, dayanmır qız. Artistliyinə bir an belə ara vermir. Əsl ”Oskar” alası adamdı. “İkinci planda ən yaxşı rol” nominasiyası üzərindən.

***

Mən Hacıbəylini Parlamentin Aparatında işlədiyim zamanlardan tanıyıram. Az-çox ünsiyyətimiz olub və ədalət naminə söyləyim ki, həmişə mənə qarşı hörmətlə yanaşıb, status və yaş fərqinə rəğmən bir dəfə də olsun “sən” deyə müraciət etməyib, fəaliyyətimi təqdir edib, harda görübsə üzü gülər, xoş münasibət göstərib. Və cəmi bir dəfə eyni masada oturmuşuq. Hava limanında. Hökümət VİP-nin gözləmə otağında. Dəqiq tarixi də deyim – 2009-cu ildə. Fransadan qayıtmışdı. Biz isə nümayəndə heyəti ilə bərabər Berlinə gedirdik. 15 dəqiqəlik müddətdə deputat həmkarları ilə çox qısa dialoqu oldu Gültəkinin. Üstəlik, həmin darmacalda kim nə dedisə mütləq bir “səhv” tapdı, qahmar çıxdı, inad elədi, “ağıllı-ağıllı” öz arqumentlərini sadaladı. Hələ yorğun və gözündən yuxu tökülən halı ilə. Sonra da arxasınca gələn 4 nəfər girdi otağa, biri çantasını daşıdı, biri kürkünü, biri telefonunu. Digəri isə sadəcə müşayət elədi. Çox güman, sürücüsü idi.

Gültəkin 27 yaşında deputat olub. Yəqin, bu səbəbdən öz balaca dərrakəsi ilə düşünüb ki, minimum 37-də nazir, 47-də isə prezident olmalıyam. Və…gənc yaşda uğur qazanan bütün özünəvurğunların daşıdığı məziyyətdir bu: daş özü gəlib düşür daşın üstünə, elə bilir daşı özü götürdü qoydu həmin daşın üstünə. Üstəlik, daş dediyin başqa anlamda da ikifunksiyalıdır. Onu ya fərasətlə ətəyindən atırsan, ya da ağılsızlıqdan başına salırsan. Ayrıca, 1 yaşında uşağın sinəsindən və ayağından tutub təyyarətək uçurdarlar ha, uşaq da fərqinə varmadan elə zənn edər, hamıdan hündürdür və özü uçur. Bax bunu artıq daha böyük yaş qrupuna tətbiq eləməzlər. Olmaz! Çünki 1 yaşında uşaq yenə aşağı oturub oyuncaqları ilə əlləşməyə davam edəcək. Amma məsələn, 2 yaşında uşaq zəhləni tökəcək ki, bir də elə. 5 yaşında uşaq səndən təyyarənin fəlsəfəsini soruşacaq. 11 yaşında uşaq Yuri Qaqarinin “kaska”sından istəyəcək.

Və…vay o günə ki, 27 yaşında birinin beyni hələ də böyüməyə, uşaq ölçüsündə qala və beləsini qaldırasan uçmağa. Üstəlik, boyundan qat-qat yuxarıya. Bax, əsl təhlükə budur. O nə zəhlə tökəcək, nə fəlsəfə xırdalayacaq, nə də “kaska” istəyəcək. O, Allahliq sevdasına düşəcək. O, hakimiyyətə deyil, kainata iddialı olacaq. O, yuxuya getmədən öncə balıncını qucaqlayıb, gözlərini 90 dərəcəlik şaqulidə yumub Qandini, Mandelanı, Gevaranı, Martin Lüter Kinqi yamsılayacaq. O, mətbəxtdə oturduğu arxalıqsız stulu belə Böyük Britaniya şahzadəsinin taxtı sanacaq.

Sona qədər də anlamayacaq ki, qəhrəmanlıq haqda çox düşünənlərin qəhrəman olmağa zamanları qalmır...

***

Gültəkin intellektual sütun üzərindən böyümədiyi üçün təsadüfi innersiya qaydasında yüksəldiyi zirvədən yerə düşüb. Hərçənd çırpıldığını zənn edir. Amma yox, məhz düşüb. Məntiqə tam uyğun formada. Üstəlik, o həmişə özünə “şən güzgü”lərdən baxıb. Ona görə sərçə görkəmini sezməyib, qartal olduğuna inanıb. Düşünüb ki, onun iqtidara deyil, iqtidarın ona ehtiyacı var və lazım gəlsə, hansı məqamda qərarlaşsa yenə”dərs” verə, varlığını təsdiq edə bilər. Fəqət, tərs effekt alıb. Quyunun dibinə yuvarlanıb. Avropa Şurası nümayəndə heyətinin üzvlüyündən Kərimlinin mirzəliyinə qədər eniş xətti üzrə dığırlanma yolu keçib.

Eqaizmi, təkəbbürü, çırpınmağı, vurnuxmağı, hər fürsətdə boğaz arıtlamağı məlum səbəbdəndir...

***

Gültəkin həmin adamdır ki, çox yüksək rütbəli məmura (indi vəzifədə deyil) xüsusi rabitə telefonu ilə zəng edib, sonu iki sıfırla bitən maşın nömrəsi xahiş edəcək qədər böyük və geniş lüksa sahib olub. Dövlət tərəfindən verilən evləri bir-birinin ardınca sıralayıb. “Toyota Avalon”u 5-ci dərəcəli qohum-əqrəbasının xidmətinə yönəldib ki, adım var-sanım var, belə uşaq arabasında gəzə bilmərəm. Ancaq ailə üzvlərinin adına 100-ə yaxın obyekt rəsmiləşdirib. Deputat seçildiyi Goranboyda “əmlak kralı” kimi tanınıb. Az qala pişiyinə də sürücü tutub. Ev maşını, iş maşını, bağ maşını fərqli sərəncamlarda olub. “Krişa”lıq elədiyi daş karxanalarında baş verən olaylar bu günə qədər dillər əzbəridir. Hələ Türkiyə və başqa ölkələrdəki abstrakt bizneslərini demirəm. Əlqərəz, sıralama, radius çox genişdir. Və bu adam bir gün qapı arxasında qalır, ardınca da 3 status yazıb, 4 absurd çıxış edib, 2 sərsəm bəyənat verib qəfildən olur “xalq cəfakeşi”, eləmi? Yaxşı, indiyə qədər kim idi bəs? İndiyə qədər harada idi bəs? Bəsirət gözləri öz hesabına məzuniyyətmi götürmüşdü? Olub-bitənləri peykləmi izləyirdi? Yoxsa vətən təəssübkeşliyi yalnız şəxsi maraqlar təmin olunmayandamı yada düşür? Ya da “millət fədaisi”nə çevrilmək üçün mütləq mandatmı əldən getməlidir, imtiyazlarmı bitməlidir, imkanlarmı itməlidir?

Hələ o gün status yazıb, xalq artistinə yönəlik ittihamla deyir ki,“biz hər zaman qəhrəman seçməyə tələsmişik.” Kim–kimi harada seçməyə tələsib, orasını deyə bilmərəm. Heç kimin də müdafiəsinə qalxmıram və babalını yumuram. Amma anladığım bir həqiqət şəxsən mənim üçün aksiomdur: Səni qaraguruh camiyədə qəhrəman elan edənlərdən DAHA ÇOX kimsə tələskənliyə yol verməyib – Gültəkin Hacıbəyli! Ən böyük tələskən məhz onlardır. Buna əmin ola bilərsən…

***

Yanliş yoldan daha betər olanı YOLSUZLUQDUR.

Tanrı heç kimi paşalıqla maşalıq arasındakı fərqi görməyəcək, özünə kvartalda bir dəfə siyasi lider seçəcək, Əli Kərimlinin yedəyi, sim-kart daşıyanı, nifrin ruporu olacaq, XƏYANƏTin rəmzinə, əyarına çevriləcək qədər bədbəxt eləməsin.

Elşən Musayev, Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili.