“Hökümət bütün zəruri addımları atmaqdadır”

“Koronavirus pandemiyası qlobal ticarətin kəskin azalması, təchizat zəncirində pozulmalar, iş yerlərinin bağlanması və artan qeyri-müəyyənliklər qlobal iqtisadi aktivliyə mənfi təsir göstərməkdədir. Ona görə də 2020-ci ildə qlobal iqtisadiyyatda və maliyyə-bank sektorunda müəyyən geriləmələr proqnozlaşdırılır. Azərbaycan iqtisadiyyatı və maliyyə-bank sektoru dünya iqtisadiyyatı ilə iç-içə olduğundan baş verəcək proseslərdən kənarda qalmayacaq və hansısa formada öz təsirini göstərəcək. Bunu nəzərə alan Azərbaycan hökuməti dünyada baş verən proseslərin ölkə iqtisadiyyatının təsirlərinin minimuma endirilməsi və qısa zamanda iqtisadi aktivliyin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görməkdədir. Bu məqsədlə hələ bir müddət öncə Azərbaycan Prezidentinin tapşırğı ilə ölkə iqtisadiyyatının, maliyyə-bank sektorunun dayanıqlılığının qorunub-saxlanması və gözlənilən proseslərdən yan keçmək üçün xüsusi proqramlar hazırlanıb”.


XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.


Millət vəkili bildirib ki, ölkədə maliyyə sabitliynin qorunub saxlanması üçün Mərkəzi Bank tədbirlər planı hazırlayaraq həyata keçirməkdədir. “Məqsəd uğurlu pul siyasəti həyata keçirməklə milli valyutanın dəyərinin itirilməməsi, iqtisadi aktivliyin təmin edilməsidir. Odur ki, Mərkəzi Bank pandemiya şəraitində biznes və əhaliyə dəstəyin göstərilməsi istiqamətində kompleks tədbirlərini davam etdirir. Bu məqsədlə Mərkəzi Bank beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığı çərçivəsində iqtisadiyyatın maliyyə xidmətlərinə çıxışını daha da artırmaq üçün yeni maliyyə alətlərinin tətbiq edəcək. Bunun üçün koronavirus pandemiyası dövründə real sektorun maliyyə resurslarına çıxış imkanının artırılması məqsədilə Mərkəzi Bank və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında ümumi məbləği 200 mln. ABŞ dolları olan svop müqaviləsi bağlanıb. Bununla da AYİB yerli valyutaya etibarlı çıxış imkanı əldə etməklə yerli şirkətlərə milli valyutada kredit dəstəyi göstərməyə yeni imkanlar əldə edəcəkdir. Bu məbləğin 50 milyon ABŞ dolları, yəni 85 milyon manat ekvivalentinin cari ildə müvəqqəti çətinliklərlə üzləşən yerli şirkətlərə, xüsusilə də nisbətən kiçik şirkətlərə verilməsi nəzərdə tutulur”- deputat qeyd edib.


Bununla belə deputat əlavə edib ki, Mərkəzi Bank və Avropa Yenidənqurma İnkişaf Bankı arasında əldə edilmiş bu razılaşmaya əsasən pandemiyanın mənfi təsir etdiyi biznes subyektlərinin dəstəklənməsi ilə yanaşı, ölkəmizdə törəmə maliyyə alətlərindən istifadənin genişləndirilməsini və alternativ maliyyələşmə aləti kimi istifadəsini də təşviq edəcəkdir: “Bu, Mərkəzi Bank tərəfindən beynəlxalq müstəvidə həyata keçirilən strategiyanın, beynəlxalq maliyyə təşkilatları ilə olan sıx əməkdaşlığın və törəmə maliyyə alətləri üzrə beynəlxalq çərçivə razılaşmasının ölkəmizin pul və kapital bazarında tətbiqi nəticəsində əldə olunmuş nailiyyətdir.


Eyni zamanda, Azərbaycan kapital bazarının inkişaf etdirilməsi istiqamətində Mərkəzi Bank ilə Avropa Yenidənqurma İnkişaf Bankı arasında yerli bazarda manatda istiqraz emissiyasının həyata keçirilməsi və törəmə maliyyə alətləri bazarının hüquqi çərçivəsinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə əməkdaşlıq davam etdirilir”.

Bağlanmış 4 banka gəldikdə isə deputat bildirib ki, bu bank sektorunun sağlamlaşdırılmasına və şəffaflığın təmin edilməsinə xidmət edir: “Qaldı ki, həmin banklardakı əmanətlərə Mərkəzi Bank müştərilərin əmanətlərini geri qaytarılmasını öz üzərinə götürüb və bunun üçün ayrılan vəsaitin həcmini də açıqlayıb”.


Deputat bildirib ki, pandemiya dövründə hökumət və Mərkəzi Bank istər milli valyutanın sabitliyinin təmin olunması, istərsə də maliyyə probleminin yaşanmaması və iqtisadi aktivliyin təmin olunması üçün bütün zəruri addımları atmaqdadır.