Mərkəzi Asiya ölkələrinin önəmli coğrafi mövqeyi

 

Hər bir ölkənin özünəməxsus cəhətləri var, bu cəhətlərdən biri də önəmli coğrafi mövqeyə sahib olmasıdır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqəsi getdikcə inkişaf etməkdədir. Hər iki tərəfin əlverişli coğrafi mövqeyə sahib olmasının bu əlaqədə rolu danılmazdır. Qədim Azərbaycan torpağı Ön Asiyada yerləşir və Qafqaz dağlarının cənub-şərq hissəsindən Urmiya gölünün cənub və cənub-şərqindəki dağlıq ərazilərə qədər olan sahələri əhatə edir. Onun sahəsi 200 min kvadrat km-dən artıqdır. Azərbaycan bütövlükdə şimal yarımkürəsində yerləşir. İspaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya təqribən Azərbaycanla eyni coğrafi enlikdədir. Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühüm beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir.Respublikanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km məsafədə uzanır, 38°25′ – 41°55′, şimal enliklər və 44°50′ – 50°51′ şərq uzunluqları arasında yerləşir .Avropa və Asiyanın qovşağında yerləşərək, respublika unikal geosiyası və coğrafi mövqeyə malik olmaqla, qədim zamanlardan ta indiyədək dünyəvi iqtisadi və mədəni əlaqələr üçün öz əhəmiyyətini qoruyub saxlamaqdadır.

Mərkəzi Asiya və ya Orta Asiya — Asiyanın cənub-qərbdə Xəzər dənizinə, şimal-qərbdə Şərqi Avropaya, şərqdə Çinə və Monqolustana, cənubda Əfqanıstan və İrana, şimalda Rusiyaya qədər uzanan altregionudur. Buraya keçmiş sovet respublikaları olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan kimi ölkələr daxildir. Bu regiona daxil olan ölkələr qərbdə Xəzər dənizi sahilindən başlamış şərqdə Çinin Böyük Xinqan dağlarınadək yerləşir. Bu yeganə regiondur ki, heç bir ölkəsinin okeana bilavasitə çıxış yolu yoxdur. Transsibir magistralına və Xəzər-Volqa su yoluna çıxışı olan şimal-qərb hissəsinin iqtisadi-coğrafi mövqeyi daha əlverişlidir. Bu yollar regionu Qafqaz və Avropa ölkələri ilə birləşdirir. Bakı şəhəri ilə Mərkəzi Asiyanın Türkmənbaşı və digər şəhərləri arasında gəmi-bərə körpüsünün salınması regionun Qafqaz ilə iqtisadi əlaqələrinin daha da yaxşılaşmasına səbəb olmuşdur. Son illər Çin, İran və Əfqanıstanla dövlət sərhədlərinin sadələşdirilməsi xarici nəqliyyat əlaqələrinin genişlənməsinə səbəb olmuşdur. Regiondan keçən qədim İpək yolu bərpa olunur. Mərkəzi Asiya ölkələrinin coğrafi mövqeyinin, təbii şəraitinin, tarixi inkişaf yolunun, mədəniyyət, dil və din xüsusiyyətlərinin oxşarlığı onların iqtisadi əlaqələrinin genişlənməsinə və dərinləşməsinə, bir sıra siyasi və iqtisadi təşkilatların yaranmasına müsbət təsir göstərir. Mərkəzi Asiyada yüksək Pamir, Tyanşan və Altay, Kunlun dağ sistemləri ilə Turan və Xəzərsahili ovalıqlarının düzənlik ərazilərinin qonşuluqda yerləşməsi regionun landşaftının olduqca rəngarəngliyinə səbəb olmuşdur. Düzənliklər iri səhralarla (Qobi, Qaraqum, Qızılqum) əhatə olunmuşdur. Şimal hissəsində çöl əraziləri üstünlük təşkil edir. Regionun okeanlardan uzaqda yerləşməsi onun iqlimini olduqca kontinentallaşdırır. Yayı isti və quraq, qışı soyuq və az qarlıdır. Mərkəzi Asiyada meşə azdır. Yalnız iki böyük çayı var (Sırdərya və Amudərya). Suvarma məqsədilə sularından həddindən artıq istifadə olunan (xüsusilə Qaraqum kanalı vasitəsilə) bu çayların suyu 1976-cı ildən başlayaraq demək olar ki, Aral gölünə çatmır. Nəticədə göl quruyur və quruyan hissələrdə baş verən qum tufanları ətraf ərazilərə və əhalinin sağlamlığına böyük ziyan vurur.

Hazırda Xəzər dənizinin səviyyəsinin qalxması ilə yanaşı (1977–2000-ci illər ərzində Xəzərin səviyyəsi 2 metr qalxaraq sahil əraziləri basmış, dəniz ətrafı təsərrüfata böyük ziyan vurmuşdur), Aral gölünün qurumasının qarşısının alınması regionun mühüm ekoloji problemlərindəndir. Mərkəzi Asiyanın təbii xüsusiyyətlərindən biri ərazinin yarıdan çoxunun seysmik qurşaqda yerləşməsidir. Burada tez-tez baş verən daşqınlar və sellər, əsasən əhalinin yanlış təsərrüfat fəaliyyətinin nəticəsidir. Ərazinin dağlıq relyefi ilə əlaqədar regionun çayları (xüsusilə Ural, İrtış, Vaxş) olduqca böyük hidroenerji resurslarına (xüsusilə dağlıq relyef olan Tacikistan və Qırğızıstan) malikdir.

Rzayeva Tünzalə Ülfət qızı.

Bakı Qızlar Universiteti