Məşhur Məmmədov: “Dünya birliyi Azərbaycanın sülh səylərini dəstəkləməlidir”

Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarını qınamalı, baş verənlərlə bağlı konkret mövqe ortaya qoymalıdır”. Bunu açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Ermənistanın 10 noyabr bəyanatının şərtlərinə əməl etmək istəmədiyini, Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqla təxribatlara əl atdğını bildirən millət vəkili qeyd edib ki, dünya ictimaiyyəti rəsmi Bakının sülh səylərini dəstəkləməlidir:

“Bildiyiniz kimi, ölkəmiz 10 noyabr bəyanatının şərtlərinə tam şəkildə əməl edir, regionda sülhün, təhlükəsizliyin qorunması üçün bütün gərəkli addımları atır. Lakin təəsssüflər olsun ki, biz bu məsələdə beynəlxalq təşkilatların, dünyanın aparıcı dövlətlərinin lazımi aktivliyinə şahid olmuruq. Halbuki, həmin təşkilatlar, eyni zamanda dünya dövlətləri Ermənistanı bu təxribatalrına görə qınamalı, rəsmi İrəvanı regionda gərginliyi artıran əməllərdən imtina etməyə səsləməlidir. Çünki Ermənistanın təxribatları bütün regionda sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır. Məlum olduğu kimi, Azərbaycan 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub etməklə bütün bəşəriyyətin təhlükəsizliyinə böyük töhfə verdi. Ölkə başçısı dəfələrlə qeyd edib ki, əgər Ermənistan baş verənlərdən lazımi nəticə çıxarmasa, o zaman “Dəmir yumruq” yenidən  işə düşəcək. Bu məsələdə beynəlxalq təşkilatların da üzərinə böyük iş, böyük məsuliyyət düşür. Dünya birliyi regionda yeni bir gərginliyin baş verməməsi üçün Azərbaycvanın sülh səylərini dəstəkləməli, onun haqq səsini eşitməli, təxribatçı Ermənistana öz yerini göstərməlidir. Bu, həm də həmin təşkilatların özlərinin nüfuzu baxımından atılması gərəkən bir addımdır. Ermənistanın təxribatları qarşısında beynəlxalq təşkilatların sərgilədiyi susqunluq bu təşkilatların imicinə yaxşı heç nə vəd etmir və həmin təşkilatların gərəkliliyinə, ədalətinə inamı sarsıdır”.