Məşqçinin hərəkətləri qeyri-qanunidir

Sumqayıtda idman məktəblərindən birində 7 yaşlı Fərid Bakarovun Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı aldığı ağır xəsarətlər nəticəsində həyatını itirməsi geniş müzakirələrə səbəb olub. Gənc məşqçinin azyaşlıya qarşı qeyri-insani rəftarı hiddət doğurub və onun ən ağır şəkildə cəzalandırılması ilə bağlı təkliflər irəli sürülüb.

Məsələ ilə bağlı  Azərbaycanın karate-do üzrə yığma komandasının üzvü olmuş deputat Vüqar İsgəndərov bildirib ki, məşqçinin hərəkətləri qanuna tamamilə ziddir:

“Videogörüntülərə baxdıq. Məşqçinin hərəkətləri qeyri-qanunidir. Orada həmin uşaqlarla davranış, onlarla bağlı tələblər, uşaqların durumu, yaşları, çəkiləri heç nəyə uyğun deyildi. Biz bunun videosunu gördük. Görmədiyimiz, bəlkə də, nə qədər belə hadisələr yaşanır. Hazırkı hadisə bizə siqnal olmalıdır. Əsas hadisəni doğuran səbəbləri öyrənmək lazımdır. Elə addımlar atmaq lazımdır ki, belə hadisələr yaşanmasın”.

Deputatın sözlərinə görə, hansısa idmançının titul qazanması onun uğurlu məşqçi olması anlamına gəlmir:

“Gənclər və İdman Nazirliyinin, idman federasiyalarının bu sahəyə çox diqqətlə yanaşmasına ehtiyac var.  Dünya praktikası göstərir ki, çoxtitullu idmançıların bir çoxu uğurlu məşqçi ola bilməyib. Əksinə dünyada elə uğurlu məşqçilər var ki, onların karyerası elə də parlaq olmayıb. Bu bir sənətdir. Məşqçi psixologiyanı, pedoqogikanı, taktiki-texniki tərəfləri bilməlidir. Hazırda qeyri-olimpiya idman növlərində boşluqlar var. Bir klub, federasiya əgər imtahan keçirirsə, məşqçilərə bir diplom və sertifikasiya verir. O da olduğu şəhərdə, ya kənddə müəyyən idman növü üzrə məşqçi olduğunu elan edir. Heç uşaqların sağlamlığının dərindən yoxlanıb-yoxlanmaması ilə maraqlanmadan məşqlər keçirilir. Çünki bunlar fiziki hazırlıq tələb edən məsələlərdir. Bunların heç biri nəzərə alınmadan birinin məşqçi olması düzgün deyil. Onların səhvi yalnız ölümlə nəticələnməyə bilər.  Uşaq elə bir travma, zədə alar ki, bu gün ona dözsə də gələcəkdə fəsadlarını hiss edər. Hamının müəllim kimi uşaq qabağına çıxarılması qorxulu məsələdir”.

Parlamentari qeyd edib ki, məşqçilərlə bağlı məsələdə diqqətli olmaq lazımdır:

“Gənclər və İdman Nazirliyi, əlaqədar orqanlar, federasiyalar sertifikasiyalaşmanı yenidən etməli, bütün idman zallarında yoxlamalar aparılmalı, məşqçilərin sənədləri yoxlanılmalıdır. Bunu bir kampaniya halında deyil, stabil formada hər bir federasiya özü yoxlamalıdır. Şəxs harada məşq keçir, ona kim ixtiyar verib, onun beynəlxalq statusu varmı, sertifakatı varmı, həmin növlə bağlı məşq keçə bilərmi kimi məsələlər nəzərə alınmalıdır. Hazırda bədən tərbiyəsi, idman haqqında qanun işləyir. Orada da müəyyən boşluqlar varsa, yenidən baxılmasına, hər hansı müddəaların ora daxil edilməsinə ehtiyac yaranarsa, bunu da etməliyik”.

 

Yunan-roma güləşi üzrə tanınmış məşqçi Taleh Məmmədov ölkə gündəmini dəyişən hadisəni qınadığını bildirib:

“Videodan öncə nə olub, müəllim nəyə əsəbiləşib, bilmirəm. Yayılan videodan görünür ki, məşqçi özündə deyil, çox əsəbidir. Ancaq hər nə olursa-olsun, 7 yaşlı uşağa vurmaq, onunla bu cür davranmaq düzgün deyil, yolverilməzdir. Mən də məşqçi kimi fəaliyyət göstərirəm. Biz ümumən bu yaşdakı uşaqlara futbol, basketbol oynadırıq. İpdən dartınırlar. Bununla onları məşqə daha da həvəsləndiririk. Mənim kimi idmançılar və məşqçilər bu hadisəni qınayır”.

Taleh Məmmədovun fikrincə, idmançının möhkəmlənməsi üçün ona bu cür münasibət göstərilməməlidir:

“Mən 23 ildir ki, idmanla məşğul oluram. Nə məşqçimdən belə münasibət görmüşəm, nə də özüm öz tələbələrimə belə münasibət göstərmişəm. Tələbənin möhkəmlənməsi üçün döyülməsi və işgəncə verilməsi kimi qayda-qanun yoxdur. Bunun üçün xüsusi məşqlər var. 7 yaşlı uşaqın möhkəmlənmədən çox həvəsləndirməyə ehtiyacı var”.

Güləş üzrə Avropa çempionu Əliabbas Rzazadə ölümə səbəb olan Mehman Xəlilovun hərəkətlərinin peşəkar idmançıya məxsus davranış olmadığını vurğulayıb:

“Məhz belə davranışlar həm valideynlərin, həm də uşaqların gözünü qorxudur. İdman zallarına gəlməyə çəkinirlər. Lakin bu, hər idman zalında baş verən hal deyil. İdmana yeni başlayan uşaqlara daha çox gimnastika hərəkətləri etdirmək lazımdır ki, bədənləri elastikləşsin. Hissə-hissə onlara öyrətmək lazımdır. 7 yaşlı uşağa belə bir adamın fənd etməsi təhlükəlidir”.

Güləş üzrə dördqat Avropa çempionu Hacı Əliyev isə hadisəyə belə reaksiya verib: “Məşqçinin etdiyi vəhşilikdən başqa bir şey deyil. Burada deyiləcək başqa bir söz yoxdur, vəhşilikdir”.

İdman jurnalisti, şərhçi Tural Məmmədli qeyd edib ki, məşqçi tələbələrinə ikinci valideyn olmalıdır:

“Çox dəhşətli hadisədir. İdman nizam-intizam, tərbiyə deməkdir. İdmana bağlı olan bir şəxsin belə hərəkətlər etməsi ağlasığmazdır. Məşqçi həm də ikinci valideyn olmalıdır. Amma bu insani hislərdən uzaq şəxsin etdikləri əsl valideyn kabusudur. Axı 7 yaşında uşağın günahı nə idi? İdmanla məşğul olmaq? Belə hərəkətlərə layiq cəza ağlıma da gəlmir. Söz tapmıram. Ümidvaram ki, belə halların təkrarlanmaması üçün nəzarət gücləndiriləcək”.

Qeyd edək ki, aprelin 29-da Sumqayıtda 7 yaşlı uşaq idman məktəbində aldığı xəsarət səbəbindən dünyasını dəyişib. 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. O, xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov hadisədən sonra saxlanılıb, barəsində həbs qərarı verilib.

Nə qədər belə hadisələr olur – İdmançılardan Fəridin ölümünə REAKSİYA