Mətanət Səfərli: “Azərbaycan öz suverenliyini tam bərpa etdi”

Son üç ildə ölkəmizdə baş verən hərbi-siyasi hadisələr regionda gələcək konturların cızılmasına gətirib çıxardı. Uzun illərdir ərazi bötüvlüyümüzlə bağlı mövcud vəziyyət dəyişdi və Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bir gün davam edən antiterror tədbirləri Xankəndi, Xocalı həsrətimizə son qoydu. Artıq Şuşamızda, Zəngilanda bir sıra mühüm tədbirlər keçirilir. Zəngəzurda keçirilən 2-ci Milli Şəhərsalma Forumunda da 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirak etməsi dünya miqyasında Azərbaycanın yaratdığı nümunələrə marağın yüksək olduğunu nümayiş etdirdi.

Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bir sıra məsələlərə toxundu. Forum iştirakçılarına görülən işlər barəsində məlumat verdi. Prezident İlham Əliyev bölgənin tarixi, Ermənistan tərəfindən işğalı və azad olunması haqqında ətraflı məlumat verdikdən sonra Şərqi Zəngəzur və Qarabağ rayonlarında aparılan quruculuq işlərinə də toxundu. Prezident bildirdi ki, Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir. Şəhərin Baş planı artıq təsdiqlənib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Ölkə Prezidenti, həmçinin qeyd etdi ki, 2025-ci ildə şəhərin ilk sakinləri Zəngilana qayıdacaqlar. Prezident öz çıxışında vurğuladı ki, Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Abadlaşdırılan ərazilərdə müasir texnologiyalara əsaslanan “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada müasir şəhərsalma texnologiyalarının ən yeni nümunələri tətbiq edilir. Prezident bildirdi ki, bu günədək 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Böyük Qayıdış Proqramının icrası nəticəsində artıq keçmiş məcburi köçkünlər Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıdıblar. Prezident məcburi köçkünlərin Zəngilana qayıdışı və layiqli həyat şəraiti ilə təmin olunması üçün görülən və görüləcək çoxsaylı layihələr barəsində məlumat verdi.

Forumda BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərifi və digər natiqlərin çıxışından göründüyü kimi, Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu Prezident İlham Əliyevin üzərinə götürdüyü öhdəliyə əsasən təşkil edilib. M.Şərifi çıxışında bununla bağlı fikirlərini belə qeyd edib:“Əsas məqsəd bildiyiniz kimi, daha yaşıl, daha sağlam inkişaf, sözün həqiqi mənasında, təqdirəlayiqdir. Təbiətlə ahəngdar şəkildə, eləcə də su resurslarının, eyni zamanda, məhz məkanın düzgün idarə edilməsi ilə Siz şəhər vətəndaşları üçün daha parlaq gələcəyi təmin etmiş olursunuz. BMT-nin Baş katibi Antonio Quterreş də bu yaxınlarda Nyu-Yorkda Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı keçirilən tədbirdə qeyd etmişdi ki, DİM-in bərpa planına kifayət qədər ehtiyacı var və artıq bütün dünyanın gözləri üzv dövlətlərə yönəlib”.

Bunların fonunda onu qeyd etmək olar ki, artıq Azərbaycan uzunmüddətli inkişaf perspektivləri olan dövlətə çevrilib. Bu ideyaların gerşəkləşməsini, məqsəd və vəzifələrin həyata keçirilməsini aydın şəkildə müəyyən edən plan, bütün sahələrdə fəaliyyət proqramı olmadan təsəvvür etmək olmaz. Xalqın və Azərbaycan dövlətinin mənafeyini hər şeydən üstün tutaraq, bütün səyləri, qarşıya qoyulan məqsədlərə çatmağa yönəldən İlham Əliyev 20 ildə ölkənin sosial-iqtisadi həyatında dönüşə nail oldu, dövlət əsaslarını və bünövrəsini daha da gücləndirdi. Problemlərin həllinə sistemli və kompleks yanaşma, dövlət başçısının məqsədyönlü fəaliyyəti, konkret tapşırıqların icrasına yönəldilməsi nəzərdə tutulanlara səmərəli üsullarla nail olmağa imkan verdi.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı