Məzahir Əfəndiyev: “Azərbaycanın dünya mədəni irsinin qorunmasında xidmətləri əvəzsizdir”

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı öz zəngin tarixi, ədəbiyyatı, incəsənəti, mədəni irsi, adət-ənənələrinin qorunub saxlanması ilə hər zaman fəxr edib və ölkə rəhbərliyi tərəfindən daim Azərbaycan mədəniyyətinin dünyada təbliğində mühüm əhəmiyyət kəsb edən böyük işlər görülüb.
Hər il bölgələrimizdə müxtəlif məhsul bayramlarının keçirilməsi vacib məsələdir. İnsanların festivala gələrək məhsullarla tanış olması, onların dadına baxaraq keyfiyyətini qiymətləndirmələri ilə yanaşı, turizm və kənd təsərrüfatı sahəsinin inkişafına, habelə ixrac həcminin artması prosesinə də əməli töhfə verilir.
Təmsil etdiyim 89 saylı Göyçay-Ağdaş seçki ərazisi olan Göyçayda da hər il minlərlə insanın iştirak etdiyi festival keçirilir.
Bayram tədbiri çərçivəsində xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, xarici turistlərin Göyçaya səfəri Nar festivalının respublikamızdan kənarda da tanındığının bariz nümunəsidir. Yerli və xarici medianın işıqlandırdığı Nar festivalı vasitəsilə Göyçay rayonu ildən-ilə daha çox turistin marağını cəlb edərək dünyada narın vətəni kimi tanınmaqdadır.
Tarixi mənbələr də sübut edir ki, hələ XV-XVI əsrlərdə tacirlər Göyçay ərazisində yetişdirilən narı alaraq, digər ölkələrdə satırlarmış. Xalqımızın qədim narçılıq ənənələri mövcuddur və bunu təbliğ etməyə, min bir dərdin dərmanı olan narı dünyada Azərbaycan meyvəsi kimi tanıtmağa mənəvi haqqımız var. Bütün dünya bilməlidir ki, narın Vətəni Azərbaycandır və ən dadlı nar bizim ölkədə yetişir.
2020-ci il 14-cü Nar festivalı şanlı tariximizə qızıl hərflərlə yazılan Vətən Müharibəsinə təsadüf etdi və bu il festival öz maraqlı aksiyası ilə yadda qaldı. “Göyçaydan Qarabağa” adlı yürüşdə “Hər əsgərə bir nar” adlı aksiya həyata keçirildi.
Bu baxımdan 14-19 dekabr tarixlərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci iclasında Azərbaycan Respublikasının 14-cü mədəni elementi olaraq təqdim etdiyi “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” adlı nominasiya sənədi UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərarın qəbul olunması təsadüfi deyildir.  
Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyi, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur.
Bu gözəl xəbər münasibətilə bütün Azərbaycan xalqını, o cümlədən Göyçay əhalisini təbrik edirəm.

Məzahir Əfəndiyev
Milli Məclisinin deputatı