Məzahir Əfəndiyev tələbələrlə görüşdü

89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev 16 fevral tarixində ərazi üzrə 2020-ci ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək nəticə göstərən bakalavrlarla video formatda görüş keçirdi.

XALQ.AZ xəbər verir ki, pandemiya səbəbindən ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar birbaşa ünsiyyət imkanları məhdud olsa da, millət vəkili gəncləri diqqətdən kənarda qoymayıb. Görüş çərçivəsində gənclərin ali təhsil müəssisələrindəki tədrisi, seçdikləri ixtisaslar və gələcəkdə onları gözləyən perspektivləri haqqında müzakirə aparılıb.
Deputat COVİD-19 virusunun geniş yayılması səbəbilə ötən ildən bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılmasını qeyd etmiş, təhsil sistemimizin qarşısında duran mühüm çağırışları vurğulayaraq təhsilin inkluzivliyini və tələbələrin davamiyyətini təmin etmək məqsədilə distant təhsilin əhəmiyyətindən danışdı: “Cənab Prezidentin göstərişinə əsasən, habelə Birinci vitse-prezident Mehriban xanımın diqqət və qayğısı nəticəsində vaxtında verilmiş operativ qərarlar sizlərin, yəni gənclərimizin təhlükəsizliyini təmin etməklə yanaşı, təhsilə çıxış imkanlarını da qorudu”.
Eyni zamanda 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazılan Vətən Müharibəsi və doğma Qarabağımızın tezıiklə bərpası haqda da söhbət aparılmış, şəhidlərimizin ruhu ehtiramla yad edilmişdir.
Həmçinin görüşdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsinin rəhbəri Zərifə Zülfüqarova da iştirak edib.
Z.Zülfüqarova gənclərə Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti,  gənclər üçün yaradılmış müxtəlif imkanlar və platformalar, əldə edilmiş uğurlar və gənclərin beynəlxalq təmsilçiliyi haqqında danışmış, hal-hazırda rəhbərlik etdiyi layihə çərçivəsində 2030 Gündəliyi və bu unikal sənəddən irəli gələn 17 dayanıqlı inkişaf məqsədlərinin ölkə ərazisində icrası və əhəmiyyəti, Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər təşəbbüsü barəsində də ətraflı məlumat vermişdir.
Daha sonra görüş iştirakçıları ilə birgə  gənclər siyasəti və 2030 Gündəliyinin Göyçay rayonunda uğurla icrasına dəstək məqsədi güdən sosial layihələr ətrafında geniş müzakirə aparılmış və gənc tələbələr hal-hazırda açıq elan olunmuş DİM üzrə Gənc Səfirlərin seçim mərhələsində iştiraka dəvət olunmuşlar.
Qürurverici məqamlardan biri də odur ki, pandemiyanın çətinliklərinə, ənənəvi olmayan distant təhsil formasına baxmayaraq, gənclər tədris ilinin birinci semestrini zərbəçi olaraq başa vurublar.
Sonda iştirakçılar millət vəkilinə gələcək planları ilə bağlı məlumat verərək görüşə görə öz dərin minnətdarlıqlarını bildirdilər.