“Mahiyyət etibarilə bu qurum Milli Şura deyil, Azərbaycan xalqı əleyhinə fəaliyyət göstərən şuradır” – Deputat

“Cəmil Həsənli “Milli Şura” deyilən bir quruma rəhbərlik edir. Amma bu, sadəcə qurumun adı, formasıdır. Mahiyyət, məzmun etibarı ilə bu qurum Milli Şura deyil, anti-milli, Azərbaycan milləti, xalqı əleyhinə fəaliyyət göstərən bir şuradır. Bu şuranın üzvləri isə təpədən-dırnağa qədər erməni xislətinə, erməni arzularının gerçəkləşməsinə xidmət edən davranış, siyasət ortaya qoyurlar. Bu, heç kimə sirr deyil. Xüsusilə Cəmil Həsənlinin “Soros Fondu”ndan 200 dollar maaş alması, məncə, aysberqin görünən hissəsidir. Bu, o deməkdir ki, pulu verən “mahnı”nı sifariş edir. “Mahnı” nədən ibarətdir? Bu və ya digər ölkələrdə hakimiyyətin devrilməsinə çalışmaq, rəngli inqilablar həyata keçirmək, marionetika, oyuncaq hakimiyyətlər yaratmaq və sonda xərclədiyi pulları dəfələrlə artığı ilə yeni hakimiyyətin hesabına geri qaytarmaq. Məqsəd budur. Bunun üçün marionet siyasətçilərə ehtiyac duyulurdu”.

Bu sözləri  Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, kimlər “Soros”la əməkdaşlıq edirdisə, deməli, onun şərtlərini qəbul etmiş olurdu: “Bütün bu şərtlər dövlətin milli maraqlarına, müstəqilliyinə zidd, həmin ölkələrin xalqlarının istək və arzularının üstündən xətt çəkən, onun əleyhinə olan bir siyasət idi. Cəmil Həsənli də həmin siyasətin Azərbaycanda tətbiqinə çalışan şəxslərin boy sırasında birinci yerdə dayanırdı. Necə ki 2011-ci ildə Azərbaycanda eyni ssenarini “Soros”un pulları vasitəsilə tətbiq etmək istəyirdilər. Buna heç bir şübhəmiz yoxdur ki, Cəmil Həsənli o zaman ayda 200 deyil, daha böyük rəqəmlərlə ölçülən məvacib ala bilərdi. Bu, istisna deyil. Xalqımız bütün bunları görür, qiymətləndirir, xalqın gözü tərəzidir. Bu gün anti-milli şura olan Milli Şuranın olmayan sosial bazasının motivlərini başa düşmək elə də çətin deyil”.