Makron Paşinyanı qorumaq istəyir

“Fransanın “sülh təşəbbüsləri” Ermənistandakı seçkilərə açıq müdaxilə cəhdidir”

Fransa Ermənistanla Azərbaycan arasında sülhün bərpa olunmasına və dialoqun inkişafına yardım etmək istəyir. Bu barədə Fransa Prezidenti Emmanuel Makron Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla Parisdə görüşü zamanı bildirib. Makron deyib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya və ABŞ-la birgə tərəflər arasında birbaşa dialoqun bərpasına nail olmaq üçün hər şeyi etmək niyyətindədir. Ermənistan-Azərbaycan sərhədində insidentlərlə bağlı danışan Makron qeyd edib ki, sərhədlərin delimitasiyası yalnız danışıqlar yolu ilə, güc tətbiq olunmadan həyata keçirilməlidir. Makron Paşinyanla Parisdə humanitar yardımı və iqtisadi əməkdaşlığı müzakirə etmək niyyətində olduğunu da bildirib.
Hər fürsətdə Cənubi Qafqaza soxulan, rədd edildiyi halda israrla proseslərə müdaxilə edən Fransa Prezidenti E.Makronun iddiasını “Şərq”ə dəyərləndirən siyasi icmalçı Azər Niftiyev bildirib ki, Fransa Dağlıq Qarabağ münaqişəsində tərəf kimi çıxış edir. Ekspertin sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı Fransa açıq-aşkar Ermənistanı müdafiə edirdi:
“Bu, istər siyasi münasibətlər kontekstində, istərsə də rəsmilər səviyyəsində aydın müşahidə olundu. Türkiyə sona qədər Azərbaycanın yanında oldu, bu gün də yanımızdadır. Amma Türkiyə ATƏT-in Minsk qrupunun həmsədri deyil və birtərəfli mövqe sərgiləyə bilər. Fransanın isə üzərinə götürdüyü öhdəliklər var. Vasitəçi ölkə tərəf kimi çıxış etməməlidir. Lakin rəsmi Paris dəfələrlə bu öhdəliyini pozub. Belə olduqda rəsmi Bakının tam haqqı çatırdı ki, Fransanın ATƏT-in Minsk qrupunda təmsilçiliyi məsələsini gündəmə gətirsin. Ancaq buna ehtiyac qalmayıb. Çünki Minsk qrupu fəaliyyətsiz qurumdur və münaqişələri nizamlamaq təcrübəsi yoxdur. Uğursuz təsisat olaraq tarixə qovuşub”.A.Niftiyev vurğulayıb ki, Fransanın “sülh təşəbbüsləri” Azərbaycana qarşı təzyiq olmaqla yanaşı, həm də Ermənistandakı seçkilərə açıq müdaxilə cəhdidir: “Hər kəsə məlumdur ki, Nikol Paşinyan Qərbin proyektidir. Onun iqtidara gətirilməsində Fransanın da yaxından iştirakı olub. Ermənistanın kaputilyasiya aktından sonra Paşinyan erkən seçkilərə getmək məcburiyyətində qaldı. Qarşıda onu çox gərgin seçkilər gözləyir. Hazırkı şəraitdə Makronun məlum açıqlamaları da onu qorumaq cəhdindən qaynaqlanır. Bu həm də Türkiyəyə qarşı yönələn təzyiqdir. Türkiyənin beynəlxalq müstəvidə artan nüfuzu və müstəqil siyasət yürütməsi Qərb dairələrini, o cümlədən Fransanı da narahat edir”. 
Həmsöhbətimiz hesab edir ki, ölkədə olan siyasi partiyalar, vətəndaş cəmiyyəti insitutları, o cümlədən rəsmi dairələr Fransaya qarşı ictimai etiraz formaları müəyyənləşdirməlidir:
“Əgər Emmanuel Makron Fransanın prezidentidirsə və bu dövlətin adından danışırsa, ATƏT-in Minsk qrupunda ölkəsinin götürdüyü öhdəliklərə əməl etməlidir. Yox əgər bunu da etməyəcəksə, həmsədrlikdən getməlidir. Məhz Minsk qrupunun uğursuz fəaliyyətinin nəticəsidir ki, Azərbaycan öz doğma torpaqlarını güc yolu ilə geri qaytardı. Bir halda ki, torpaqlarımız düşmən işğalından azad edilib və ortada yarıtmaz təcrübə var, belə olduqda Minsk qrupunun fəaliyyətinə birdəfəlik xitam verilməlidir”.