Masallıda “Bəbirləri qoruyaq!” adlı yay düşərgəsi

B-1

Məktəblilərin “Bəbirləri qoruyaq!” adlı yay düşərgəsinə start verilib.

XALQ.AZ-ın məlumatına görə, düşərgə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi və IDEA İctimai Birliyi Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi çərçivəsində keçirilir. Respublikanın cənub bölgəsində yaşayan 30-dan çox məktəblinin iştirak etdiyi düşərgə Masallı rayonunda təşkil olunub.

“Qafqaz bəbirlərinin mühafizəsi” layihəsinin həyata keçirilməsində məqsəd Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəbliləri bu nadir növ haqqında məlumatlandırmaq və onun mühafizəsi işini təbliğ etməkdir.
9-11 iyul tarixində baş tutacaq düşərgə ərzində məktəblilər bəbirlərin həyat tərzi, yayıldığı ərazilər, onların əhəmiyyəti haqqında geniş məlumat əldə edəcək, müxtəlif ekoloji tədqiqatların aparılmasında, viktorina və müsabiqələrdə də iştirak edəcəklər.

Qeyd edək ki, Qafqaz bəbirinin qorunmasına yönəlmiş layihə WWF tərəfindən 2002-ci ildən başlayıb. Bu dövr ərzində Azərbaycanda bəbirlərin 4 ərazidə məskunlaşdığı məlum olub. Hazırda bu nadir yırtıcı populyasiyalarının Zəngəzur silsiləsində və Hirkan meşələrində monitorinqi aparılır.

2009-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəbirlərin mühafizəsinin gücləndirilməsinə dair milli fəaliyyət planı qəbul edib. Bəbirlərin yaşayış məskənlərində Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin sahəsi 4 dəfə artırılıb.
Bəbirlərin mühafizəsi ilə bağlı son illərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlər də öz bəhrəsini verməkdədir.

Qafqaz Biomüxtəlifliyi Sammitinin davamı olaraq həyata keçirilən bu cür yay düşərgələri gənclərin kiçik yaşlarından təbiətin qorunması, biomüxtəlifliyin mühafizəsi işinə cəlb olunması və onların bu işdə fəallığının artırılması üçün olduqca məqsədəuyğundur.

B-2

B-3

B-4

B-5

B-6

B-7

B-8

B-1