Masallıda qəzada ölənlərin sayı 4 nəfərə çatdı

masin-2

Masallı rayonunda baş vermiş avtoqəzada ölənlərin sayı 4 nəfərə çatıb. Qəza nəticəsində xəsarət alanlardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Ələt – Astara magistralında Astara istiqamətində hərəkət edən “Nissan” markalı, 10 ON 465 dövlət nömrə nişanlı avtomobillə Ələt istiqamətində hərəkət edən “VAZ-21099” markalı, 15 BN 751 dövlət nömrə nişanlı avtomobil toqquşub. Toqquşma nəticəsində “VAZ-21099” markalı avtomobildə olan iki qardaş, Cəlilabad rayon sakinləri, 40 yaşlı Mahir Ağalı oğlu Teymurov və 53 yaşlı Mütalib Ağalı oğlu Teymurov hadisə yerindəcə dünyasını dəyişib.

“Nissan” markalı avtomobildə olan bir ailənin 4 üzvündən biri, Yardımlı rayon sakini, 48 yaşlı Gövhər Ağa qızı Mahmudova da hadisə yerində dünyasını dəyişib. Onun həyat yoldaşı, 49 yaşlı İsmayıl Nəzərxan oğlu Sadıyev, övladları – 21 yaşlı Mövlud və 19 yaşlı Maqsud Sadıyevlər isə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Mövlud Sadıyevin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilsə də o, yolda dünyasını dəyişib.

Qeyd edək ki, bu gün saat 13:30 radələrində Ələt – Astara magistralının 159-cu kilometrliyində, Masallı rayonunun Binə-Xocavar kəndi ərazisindən keçən hissəsində iki minik maşını toqquşmuşdu.