Maştağada ağır yol qəzası

Qeza-2

Ötən gecə paytaxtın Sabunçu rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliiyyat hadisəsi baş verib.

XALQ.AZ-ın müxbirinin verdiyi məlumata görə, iki avtomobilin toqquşduğu ağır qəza Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, döngə 3 ünvanında qeydə alınıb.

Hadisə şahidlərinin dediyinə görə, 25 yaşlı Elxan Cəfərovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil ön işıqlarını yandırmadan yüksək sürətlə gəlirmiş bu zaman yolun sol tərəfindən Telman Cəfərovun idarə etdiyi “BYD” markalı avtomaşın əsas yola çıxmaq istəyib.

Nəticədə avtomobillər bir-birilə toqquşub. Avtoqəza nəticəsində “VAZ 2106” markalı avtomobildə 1 sürücü olmaqla, 3 nəfər ağır bədən xəsarətləri alıb. Onlar dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Yerli sakinlər bu cür qəzaların sözügedən yolda dəfələrlə baş vermə səbəbini küçənin işıqlandırılmamasında görürlər.

Qəza zamanı BYD-də olan sürücü və sərnişin xəsarət almasa da, avtomobillər deformasiyaya uğrayıb. Qəzanın dəqiq hansı səbəbdən baş verdiyi isə təyin olunacaq avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.