Mehriban Əliyeva – 50

Mehriban

Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yubileyidir. Mehriban Əliyevanın çox titulları olsa da, onu belə təqdim etməyimiz təsadüfi deyil. Yəqin hamı razılaşar ki, onun ən böyük vəzifəsi də məhz birinci xanım olmasıdır.

XALQ.AZ-ın məlumatına görə, insanlarla mehriban olmağı bacarmaq dünyanın bütün birinci xanımlarına xas xüsusiyyətdir. Bizim Mehriban xanımsa, bu əməli həm də öz adında daşıyır. Düz deyirlər ki, insanın adı çox vaxt onun ömür yolunu da müəyyən edir. O ömür yolu ki, çoxlarına asan görünür və hətta deyərdim ki, Şərq nağıllarını xatırladır. Amma bu nağıl həyatının o qədər mürəkkəblikləri var ki… Təsəvvür edin, dünyada Azərbaycan adına bir milləti təmsil etməlisən. Geyimindən tutmuş davranışlarına, savadına, dünya görüşünə qədər. Mehriban xanım ölkənin birinci ledisi kimi bu işin öhdəsindən layiqincə gəlir. Əslində onu Azərbaycanda elə birinci xanım institutunun yaradıcısı da saymaq olar. Baxmayaraq ki, o, sayca ölkənin 4-cü prezidentinin həyat yoldaşıdır, amma birincilik ona məxsusdur. Birinci olmaq isə həmişə zəhmət və məsuliyyət tələb edir.

Xatırlayıram ki, Azərbaycanda Avroviziya yarışması qabağı insanlarda, sadə vətənlaşlarda beynəlxalq tədbirin keçiriləcəyi “Bakı Kristal Holl”da və Bakının simvolu sayılacaq “Alov” qüllələrində işlərin tamamlanmayacağından doğan bir narahatlıq vardı. Hansı ki, o işlərə rəhbərlik Mehriban Əliyevaya həvalə edilmişdi və təcrübə göstərdi ki, birinci xanım bizi necə sevindirdi. Onun mədəni irsimizə, milli müsuqimizə, şifahi xalq ədəbiyyatına münasibəti də eynən bizdə o hissləri yaradır. O, Azərbaycanda ən ağır layihələrə çiyin verib. 2015-ci il Avropa Olimpiya Oyunlarının keçirilməsi üzrə təşkilat komitəsinin sədri kimi 63 min tamaşaçı tutumu olan bu nəhəng stadionda işlərə nəzarət də Mehriban Əliyevanın əlində cəmləşib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sözlərinə görə, bildiyiniz kimi Azərbaycan idmanın müxtəlif növlərində dəfələrlə dünya və Avropa çempionatlarına ev sahibiliyi edib: “Ölkəmizə gələn qonaqlar və idman mütəxəssisləri bu tədbirlərdə yüksək səviyyədə təşkilatçılığın şahidi olublar. İndi də prioritetimiz tədbir yerlərinin vaxtında təhvil verilməsi, nəqliyyat sistemi və təhlükəsizliyin təmin olunmasından ibarətdir”.

Onun nəzər-diqqəti həm də uşaq evlərinin üstündədir. 10-15 il əvvəl Azərbaycanda uşaq evləri, sözün əsl mənasında yetimxanalar idi. İndi bu evlərdə heç kim özünü yetim saymır. Orada ailə mühiti, yaxşı şərait, yemək-içmək var və bunu güzarı bu yerlərə düşən biz jurnalistlər yaxşı bilirik. O, Heydər Əliyev Fondunun prezidenti kimi nə qədər uşağı himayəsinə alıb. Onların arasında ayağını itirən balaca İmran da, anasını itirən 6 yaşlı qızcığaz da var. Müalicə üçün xaricə göndərilən populyar və qeyri-populyar insanlar da sonda məhz prezidentə və onun xanımına dua edirlər. Mehriban Əliyeva həm də hər bir Azərbaycan xanımının oxşamaq istədiyi qadın obrazıdır. Onda hər şey var. Gözəllik də, sadəlik də, ailəcanlılıq da, yüksək zövq də. Hansı ki, bu zövqü o, təkcə özünün geyim-geçimində nümayiş etdirmir, Bakının libası da bu tandemin sayəsində hər gün dəyişir, gözəlləşir. İllərsə, bu gözəl xanımı dəyişmir, xoşbəxtlik üçün daha adama nə lazımdır.