“Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu əsil qəhrəmanlıq nümayiş etdirir”

“Post-pandemiya dövründə cənab prezident və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva atdıqları humanist addımları ilə xalqımıza verdikləri dəyəri bir daha sübut etmiş oldular”.

XALQ.AZ xəbər verir ki,bunu deputat Cavanşir Paşazadə bildirib.

Deputat vurğulayıb ki, bu gün bütün dünya kimi Azərbaycan da koronavirusla mübarizə aparır: “Post-pandemiya dövründə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu əsil qəhrəmanlıq nümayiş etdirir. Bu çətin günlərdə hər zaman vətəndaşına yüksək dəyər verən Mehriban xanım Əliyeva necə böyük ürəyə sahib olduğunu bir daha sübut etdi. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən istər Bakıda, istərsə də bölgələrdə minlərlə aztəminatlı, şəhid və Qarabağ əlillərinin ailəsinə yardımlar göndərilib. Bundan əlavə Fond tərəfindən ehtiyacı olan ailələrə həm maddi, həm də mənəvi köməkliklər göstərilməkdədir. Qeyd edim ki, Heydər Əliyev Fondu yarandığı vaxtdan həyata keçirdiyi çoxşaxəli fəaliyyətlərindən biri də humanist addımların atılmasıdır. Biz şahidi oluruq ki, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri müəyyən məsələlərlə əlaqədar Heydər Əliyev Fonduna müraciət edirlər. Bu müraciətlər müxtəlif məsələləri əhatə edir. Məsələn, ürək çatışmazlığı olan uşaqların, ağır xəstələrin ölkəmizdə və xaricdə müalicəsinin təmin olunması yönündə Heydər Əliyev Fondu ciddi addımlar atır. Eləcə də, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, xaricdə təhsil alan gənclərimizin problemlərinin həlli yönündə reallaşdırdığı layihələr böyük əhəmiyyət kəsb edir. Bütövlükdə Fond tərəfindən bir çox humanitar layihələr reallaşdırılır ki, bu da cəmiyyətimiz tərəfindən yüksək qarşılanır”.

Deputat qeyd edib ki, Heydər Əliyev Fondu hər bir layihəsi ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına öz töhfəsini verməyə çalışır: “Ümummilli liderin adını layiqincə daşıyan Fond onun xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün ictimai həyatın ən müxtəlif sahələrində əsaslı işlər görür, ona müraciət edən vətəndaşların problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir. Heydər Əliyev Fondunun fəaliyyəti, həm də insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına, bəşəriyyətin xilasına yönələn mütərəqqi idealların cəmiyyətdə möhkəm əsaslarla intişar tapmasına, fərqli dünyagörüşlərinin dialoquna, keçmişlə gələcək arasında möhkəm körpü salınmasına, insanlara xeyirxahlıq, insanpərvərlik və nəciblik kimi müqəddəs dəyərlərin təbliğ edilməsinə yönəlib. Lənkəran-Masallı rayonlarının insanları koronavirusun yaratdığı bu çətin günlərdə ölkə başçısı, Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun dəstəyini hər zaman öz üzərlərində hiss ediblər. Onlara göstərilən qayğı və diqqətə görə Lənkəran-Masallı rayonlarının sakinləri cənab prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna təşəkkür edirlər. Mən də öz addımdan bu çətin günlərdə bütün cənubluların yanında olaraq onlara dəstək olan cənab prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkür edirəm”.