Metro açıldı-Fotolar

Nəhayət, 72 gündən sonra Bakı metrosu yenidən sərnişinlərinin xidmətindədir. Bu gün – sentyabrın 14-ü səhər saat 06:00-dan metropoliten sərnişindaşıma fəaliyyətini bərpa edib.


Modern.az-ın məlumatına görə, metropolitenin  fəaliyyəti Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni növ koronavirus (“COVID-19”) infeksiyası ilə əlaqədar ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, bərpa edilib.


Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, sentyabr ayının 30-na qədər elan edilmiş xüsusi karantin rejimi dövründə metropoliten stansiyaları həftəiçi 5 gün səhər saat 6-dan gecə saat 00:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. İstirahət günləri ərzində digər ictimai nəqliyyat vasitələri kimi metropoliten də sərnişin daşımayacaq.


Məlumdur ki, pandemiya elan edildiyi ötən dövr ərzində Bakı metropoliteni mart ayının 31-i saat 22:00-dan may ayının 9-u saat 06:00-a qədər – 38 gün ərzində sərnişindaşıma fəaliyyəti göstərməmişdi.


Mayın 9-da açılarkən metropolitendə tətbiqinə başlanılmış “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş” Nazirlər Kabineti yanında Operativ Qərargahın əlavə göstərişinə qədər qüvvədə qalacaq.


“Bu səbəbdən sərnişinlərin nəzərinə bir daha çatdırırıq ki, Bakı metropoliteni stansiyalarına daxil olaraq mənzil başına çatıb metro stansiyalarını tərk edənədək tibbi maskanın düzgün taxılması sərnişinlərin riayət etmələri mütləq vacib şərtdir.


Sosial məsafənin qorunması məqsədilə Bakı metropoliteni texniki imkanlarından istifadə edərək, sərnişinlərə ən münasib şəraiti yaradıb. Bu məqsədlə gücləndirilmiş iş rejimi tətbiq edilib, qatarların hərəkət qrafiki ən optimal qrafiklə təmin olunub, stansiya və qatarlarda bütün mümkün imkanlardan istifadə olunaraq sərnişinlərin məlumatlandırılması təmin edilib.


Sərnişinlərimizə müraciət edərək, bir daha mövcud qaydalara, sanitar-gigiyenik normaların tələblərinə riayət etməyə çağırırıq”,- Bakı metropoliteni sərnişinlərə müraciətində bəyan edib.

XALQ.AZ