Millət vəkili 24 yaşlı gəncin intiharından yazdı

Ganira

“Gənc insanların intihara əl atması insanı dərindən üzür”. Bunu “Faceboook” sosial şəbəkəsində millət vəkili Qənirə Paşayeva yazıb.

XALQ.AZ-ın məlumatına görə, ötən gün İsmayıllı rayonu, Aşağıbaş kəndinin sakini Tofiq Adıgözəlovun intihar edərək həyatına son qoyması millət vəkili Qənirə Paşayevanı da kədərləndirib.

Millət vəkili bildirib ki, İsmayıllı rayonun Aşağıbaş kənd sakini, gənc bir insan Tofiq Adıgözəlovun özünü asaraq intihar etməsi çox üzücü bir hadisədir: “Allah rəhmət etsin. Yaxınlarına səbr diləyirik. Daha həssas bir toplum olmalıyıq. Onun ölümündən əvvəl “facebook” səhifəsində yazdığı status dostlarını görəsən narahat edibmi? Ona psixoloji və mənəvi dəstək üçün arayan, dəstək verən olubmu? Bu suallar barədə ciddi düşünməliyik. Görünən odur ki, bu cür insanlar intihardan əvvəl hansısa mesajlar verərək sanki onlara dəstək göstərilməsini istəyirlər. Kimlərinsə onları intihar qərarından vazkeçirməsini istəyir… Bəlkə də bu dəstəyi görməmək də onları daha dərindən üzür və… Bilmirəm… Amma çox üzüldüm. Allah anasına, ailəsinə səbr versin və məncə hamımız bir az daha duyarlı olmalıyıq çevrəmizə, insanlara… ”

Millət vəkili Q.Paşayeva onu da qeyd edib ki, gənclərin psixoloji olaraq daha güclü olması və yetişməsi üçün ailələrdən, məktəbdən başlayaraq, KİV-də proqramlara qədər daha çox işlər görülməlidir.

Xatırladaq ki, İsmayıllı rayonunun Aşağıbaş kənd sakini, 1990-cı il təvəllüdlü Tofiq Adıgözəlov ötən gün “facebook”da son statusunu yazaraq evlərinin həyətində özünü asaraq intihar edib.