Millət vəkili analoqu olmayan villa tikdirir

Deputat

Milli Məclisin deputatı, “Azəraqrartikinti” ASC İdarə Heyətinin sədri Ağalar Vəliyev Bakıətrafı kəndlərdən birində dənizdən 500 metr məsafədə özünə ölkədə analoqu olmayan çoxqübbəli villa tikdirir. Nə deyirik, sağlığına qismət. Allah bütün arzulayanlara da qismət eləsin. Hazırda sözügedən villada bəzək işləri aparılmaqdadır. Bu məqsədlə bir sıra Avropa, Şərq və qədim Çin memarlıq mədəniyyətinin biliciləri cəlb olunub.

Bildirilir ki, gözəllikdə tayı-bərabəri olmayacaq bu çoxqübbəli villanin dəyəri milyonlarla ölçülür. Məlumata gorə, villadan dənizə yeraltı tunel çəkilməsi də planlaşdırılır. Deyilənə görə, millət vəkilinin dəniz sahilində yeraltı akvarium yaratmaq istəyi onun uşaqlıq arzusu olub. Bu arzunu rəhbərlik etdiyi Səhmdar Cəmiyyətin ən təcrübəli mütəxəssisləri gerçəkləşdirməkdədir. Əldə etdiyimiz bu ilginc informasiya öz-özlüyündə maraq doğurur. Çünki “Azəraqrartikinti” ASC son bir neçə ildə büdcə vəsaitləri hesabına daha çox təmir-tikinti işləri aparan təşkilatlardan biridir. Bir müddət öncə Səhmdar Cəmiyyət rəhbəri Ağalar Vəliyevin ortaqlıq etdiyi tikinti şirkətlərindən bəziləri ilə hesablaşmaqdan imtina etdiyi qeyd olunurdu. Bu imtinaya əsas kimi büdcə vəsaitlərinin çatışmadığı göstərilirdi. Bu mənada hörmətli millət vəkilinin çoxqübbəli villasının tikintisinə hansı mənbələrdən vəsait əldə etməsi əlaqədar dövlət qurumlarının diqqətini cəlb etməyə bilməz. Ümid edirik ki, Milli Məclisə son şok hesabatları ilə gündəmdən hələ də düşməyən Hasablama Palatası deputat Ağalar Vəliyevin prezident sarayı ilə müqayisə edilə biləcək mülkünün nəyin hesabına başa gəldiyini aşkarlayacaq.

Qeyd edək ki, müvafiq orqanlar araşdırma aparsalar, bilmədiyimiz bir sıra gizli məqamlar üzə çıxara bilər…(Dia.az)