Millət vəkili beynəlxaq simpoziumda çıxış edib

05

 

 

Türkiyənin Bolu şəhərində IV Beynəlxalq Bolu Xalq Mədəniyyəti və Koroğlu Simpoziumu təşkil olunub.

Xalq.az xəbər verir ki, Türkiyənin  Bolu bölgəsinin Abant İzzət Baysal Universitetində keçirilən simpoziuma türk dövlətlərinin rəsmi şəxsləri, millət vəkilləri, ziyalıları, alimləri və sənət adamları qatılıblar.

Tədbirdə açılış nitqi söyləyən universitetin rəsmisi Mehmet Bahar  simpoziumun məqsədi barədə məlumat verib.

Tədbirdə çıxış edənlər türk mədəniyyətinin nümunəsi olaraq “Koroğlu” ilə bağlı UNESCO ilə işlərin sürətləndirilməsini və 2015-ci ilin “Koroğlu ili” elan olunmasını təklif ediblər.

Simpoziumda çıxış edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva bütün türk dünyasında  Koroğluya  sahiblənmənin önəmindən bəhs edib.

Bu cür sahiblənməni ortaq dəyərlərimizə, tariximizə sahiblənmə olaraq görən Q.Paşayeva bununla gəncliyin və gənclərin daha sağlam addımlarla irəliləməsinin təmin ediləcəyini bildirib.

Azərbaycandan millət vəkili, həmkarı Aqil Abbas da daxil olmaqla alimlərdən, ziyalılardan və sənətçilərdən ibarət böyük bir heyətin gəldiyini deyən millət vəkili Q.Paşayeva Azərbaycanın bu mövzuya hər zaman böyük önəm verdiyini və bu sahədə görülən işlərdən danışıb:

“Azərbaycan diyarından,  Koroğlunun Nigarından sizə salam, sevgi gətirmişəm. Bu gözəl festival bütün türk dünyası üçün xeyirli, uğurlu olsun.

Toplantını təşkil edən hər kəsə təşəkkür edirəm. Boluya bir neçə ay əvvəl səfər etdiyimiz zaman mənə bu simpozium haqda məlumat vermiş və dəvət etmişdilər.

Mən də bundan məmnunluğumu dilə gətirmişdim. Çünki Azərbaycan türkləri üçün Koroğlu dastanı hər zaman önəmli olub. Sovet rejiminin ideoloji mexanizmi də onu millətimizin yaddaşından silə bilmədi”.

“Koroğlu” qəhrəmanlığının Azərbaycan və azərbaycanlılar üçün önəmi məsələsinə toxunan millət vəkili bütün Şərqdə və türk dünyasında ilk  “Koroğlu” operasının məhz Azərbaycanda yazıldığını söyləyib:

“Koroğlu haqqında ilk və tək opera Üzeyir Hacıbəyovun yazdığı “Koroğlu” operasıdır ki, bu gün dünyanın hər yerində çox böyük sevgi ilə izlənilir. Gələcəkdə həmin operanın belə bir zalda qoyulmasını istərdim”.

Q.Paşayeva ortaq dəyərlərimizdən olan istər Dədə Qorqud, istərsə də Koroğluya türk dünyasında “biz” olaraq sahiblənmənin daha önəmli olduğunu deyib:

“Koroğlu bizim ən böyük ortaq dəyərlərimizdən biridir. Dədələrimizə məxsus abidələrin harada olduğu önəmli deyil, əsas olan onlara sahib olmaqdır.

“Mənim”, “sənin” yox, “bizim” anlayışımızla sahiblənməliyik. Azərbaycanda Koroğlunun heykəli var. Boluda da Koroğlunun heykəlinin qoyulması sevindiricidir”.

Bolu bələdiyyəsinin bu məsələ ilə bağlı UNESCO ilə əməkdaşlıq qurmaq niyyəti ilə bağlı açıqlamasına toxunan millət vəkili Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu istiqamətdəki böyük fəaliyyətindən danışıb:

“Türk-müsəlman dünyasında yeganə xanımdır ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiridir.

Onun apardığı işlər nəticəsində “Novruz bayramı”, “Muğam musiqisi”, “aşıq musiqisi” bizim bayramımız və musiqimiz kimi UNESCO-nun qeyri-maddi irsi sırasına daxil olub ki, bu böyük bir uğurdur və hamımız üçün çox önəmlidir”.

Çıxışının sonunda Türkdilli dövlətlərin ortaq tarix və ədəbiyyatının hazırlanaraq təhsil müəssisələrində tədrisinin vacibliyindən danışıb:

“Koroğlu kimi dastanlar bu millətin ruhudur. Dastanda millətimizin qəhrəmanlığını, insanımızın əxlaq anlayışını, mədəniyyətini görmək mümkündür. Koroğlu bir qəhrəmanın necə olmasını göstərir. Bütün coğrafiyamızda onun qəhrəmanlığı öyrənilməlidir”.

Simpoziumda çıxış edən bələdiyyə sədri Ələddin Yılmaz Koroğlunu Bolunun simasına çevirməyi arzu etdiyini bildirib:

“Bu, həm Bolunun, həm də Koroğlunun təbliğidir. Koroğlu tam bir qəhrəmanlıq nümunəsidir. Necə ki, Robin Qud dünyada məşhurdur. Koroğlunun da bu cür tanınmasına nail olmalıyıq”.

Çıxışların sonunda Bolu Bələdiyyəsi Rəssam Mehmet Yücetürk Sənət Mərkəzi Türk Xalq Musiqisi toplusu Bolu Xalq musiqisini sərgiləyib.

Qeyd edək ki, artıq dördüncü dəfədir təşkil olunan Beynəlxalq simpozum ilk dəfə 1987-ci ildə keçirilib.