Millət vəkili Ceyhun Məmmədovun yeni kitabı çıxdı

“Bir müddətdir üzərində işlədiyimiz “Cəmiyyət, şəxsiyyət, təhsil, din” kitabı nəhayət işıq üzü gördü”.

XALQ.AZ xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edib ki, kitabda şanlı Azərbaycan tarixinin ən yeni dövründə baş vermiş mühüm hadisələrə, dinimizin, təhsilimizin, mədəniyyətimizin tarixinə nəzər salınıb, son dövrdə baş verən inkişaf və müsbət dəyişikliklərlə zəngin olan ən yeni tariximiz haqqında bir çox yazılara yer verilib:

“Kitabda bölmələr üzrə Cəmiyyətdə baş verən mühüm hadisələrdən, müasir gəncliyin formalaşmasına təsir edən əsas amillərdən, təhsilimizin, dinimizin tarixi köklərindən və bugünkü vəziyyətindən geniş bəhs olunur.

Məlum olduğu kimi, Azərbaycanda dövlətin təhsilə olan qayğısı hər zaman yüksək olub. Bütün dünyanı bürüyən pandemiya da Azərbaycanda təhsilə ciddi zərbə vura bilməmiş və təhsil arxa plana keçməyib. Bunun üçün çevik və məqsədyönlü addımlar atılaraq distant təhsil ilə bu boşluq müəyyən qədər aradan qaldırılıb.

Digər bölmədə dövlət və xalq üçün ən həssas məsələlərdən olan din haqqında ətraflı məlumat yer alıb. Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsində, tolerantlıq ənənələrinin möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rolu xüsusi qeyd edilərək geniş şərh olunub”.


“Kitabda işğaldan azad edilən ərazilərdə Ermənistanın törətdiyi vəhşilikllərə də geniş yer verilib. Ermənilərin dini və mədəniyyət abidələrimizi darmadağın etməsinə diqqəti çəkilərək həmin vəhşiliyinin faktlarla təqdim edilməsinə çalışılıb.

Kitabda 44 günlük Vətən müharibəsi zamanı baş verən mühüm hadisələrə də geniş yer verilib. Sevindirici haldır ki, haqlı davamızda bu vəhşiliklərin, faciələrin qisasını müəyyən qədər ala bildik. Uzun illərin məşəqqətli günlərindən sonra Şəhidlərimizin ruhu rahatlıq tapdı.

Onu da unutmayaq ki, müharibə bitsə də mübarizə bitməyib. Odur ki, xalqımızın başına gətirilən faciələri daim xatırlamalı, təhlil etməli, yazılarımızla indiki və gələcək nəsillərə çatdırmalıyıq. Ümid edirik ki, kitab bu baxımdan da faydalı olacaq”, – deyə C.Məmmədov yeni kitabı haqqında geniş məlumat verib.