Millət vəkili Gurcustanda görüş keçirdi

Əflatun Amaşov Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru ilə görüşüb

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əflatun Amaşov Gürcüstana səfəri çərçivəsində Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Paata Xizanişvili ilə görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri, parlamentlərarası münasibətlər, Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti müzakirə olunub.

P.Xizanişvili regionda həyata keçirilən islahatlarda, ölkənin iqtisadi inkişafında, ictimai-siyasi, mədəni həyatında azərbaycanlıların rolunu xüsusi qeyd edib. Bildirib ki, azərbaycanlılar Gürcüstan dövlətinin inkişafında, ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayırlar. O, eyni zamanda, Azərbaycanın Gürcüstana ən çox investisiya qoyan ölkələrdən biri olduğunu bildirib, regionda həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətindən danışıb.

Azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərində təşkil olunan Novruz şənliklərində Gürcüstan Prezidentinin və Baş nazirinin iştirakını xüsusi vurğulayıb. Bunu Gürcüstan dövlətinin azərbaycanlılara münasibətinin əyani sübutu olduğunu bildirib.

Əflatun Amaşov Azərbaycan dövlətinin Gürcüstan ilə əlaqələrə böyük önəm verdiyini, münasibətlərimizin inkişafında parlamentlərin də mühüm rol oynadığını bildirib. Milli Məclisdəki parlamentlərarası əlaqələr üzrə işçi qrupun işini xüsusi qeyd edən Ə.Amaşov deyib ki, Gürcüstan parlamentində də belə bir qrupun yaradılması təkcə qanunverici orqanlar arasında deyil, bütün sahələrdə əməkdaşlığımızın inkişafına xidmət edəcək. O, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Zviad Dzidziquri ilə görüşəcəyini, deputat həmkarlarını Azərbaycana işgüzar səfərə dəvət edəcəyini, həmçinin onların ölkənin müxtəlif şəhərlərinə, eyni zamanda, sərhədyanı bölgələrə səfərlərinin təşkil olunacağını bildirib.

Milli Məclisin deputatı Novruz bayramında Marneulidə Mərkəzi Kitabxananın açılışını yüksək qiymətləndirib və deyib ki, kitabxanaya mindən çox müxtəlif mövzuda kitablar hədiyyə edəcək. Görüşdə Gürcüstanda yaşayan azərbaycanlı gənclərin bu ölkənin müxtəlif universitetlərində təhsil almaları və dövlət dilini öyrənmələri məsələsi də diqqət mərkəzində olub.

Ə.Amaşov 3 minədək azərbaycanlı tələbənin Gürcüstanın müxtəlif universitetlərdə təhsil almasını yüksək qiymətləndirib. Dövlətin dəstəyi ilə gürcü dilini mükəmməl öyrəndikdən sonra onların Gürcüstanın dövlət və hökumət strukturlarında işlə təmin olunacaqlarına və öz ölkələrinin dövlətçiliyinin möhkəmlənməsinə çalışacaqlarına əminliyini ifadə edib.