Bu seçkiləri “Zəfər seçkiləri”adlandırmaq olar – Millət vəkili

Növbədənkənar Prezident seçkilərinin keçirilməsi ölkəmiz üçün müstəsna əhəmiyyət daşıyır. Belə ki, ilk dəfə olaraq seçkilər Azərbaycanın bütün ərazilərində keçiriləcəkdir. Belə qürurverici faktla biz bu seçkiləri əminliklə “Zəfər seçkiləri” adlandıra bilərik. Bu seçkilər bir daha xalqımızın siyasi iradəsinin təzahürü olaraq ölkənin rəhbərliyinin növbəti illər üçün də etibarlı əllərdə olmasını təmin edəcək. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi normal haldır və dünyanın bir çox ölkələrində bu təcrübəyə rast gəlmək olar. Seçkilərin demokratik, şəffaf və aşkarlıq şəraitində keçirildiyi ölkəmizdə ölkə başçısının vaxtından əvvəl seçkiyə getməsi siyasi iradənin, xalq-iqtidar birliyi və vəhdətinin təntənəsidir.

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili həmçinin qeyd edib ki, Müzəffər Ali Baş Komandan, qalib lider Prezident İlham Əliyev xalqımıza verdiyi bütün vədlərə tam əməl etdi. İllərlə düşmən tapdağında qalan vətən torpaqlarımızı tam azad edərək öz həqiqi sahiblərinə qaytardı. Heç şübhəsiz ki, bütün bu qələbələrin, uğurların arxasında güclü, dəmir kimi iradə durur. Məhz dönməz iradə ətrafında xalqımız birləşərək vahid yumruğa və qarşısı alınmaz gücə çevrildi. Bu vəhdət tarixi qələbəmizin simvolu olan “Dəmir Yumruğ”u formalaşdırdı. Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını geri qaytarmağa nail oldu. Zəngilan, Cəbrayıl, Qubadlı, Füzuli, Ağdam, Kəlbəcər, Laçın və Şuşa kimi dilbər guşələrimizə şanlı qələbəmizlə, sanki yenidən nəfəs gəldi. Ali Baş Komandan təhlükəyə baxmayaraq, ilk günlərdən bir-bir azad olunmuş ərazilərimizə gedərək həmin yerlərdən xalqımıza müraciətlər etdi və işğaldan sonra aparılan bərpa-quruculuq işləri ilə tanış olaraq öz tapşırıqlarını verdi. Müzəffər Prezidentimizin bu iradəli, cəsur davranışları düşmənə qorxu, Azərbaycan xalqına isə qürur və əlavə motivasiya vermiş oldu.

Bu ilin sentyabr ayında cəmi 23 saatlıq Antiterror əməliyyatları zamanı Azərbaycan düşmən tapdağında qalan bütün torpaqlarını azad edərək tam suveren və müstəqil bir dövlətə çevrildi. Cənab Prezident bu dəfə də bir başa Xankəndidə şəxsən özü Azərbaycan bayrağını göylərdə dalğalandırdı. Müzəffər Ali Baş Komandanın Xankəndidəki çıxışı Azərbaycan tarixinə qızıl hərflərlə düşəcək növbəti tarixi hadisə idi. Prezident İlham Əliyev Xankəndində xalqa müraciəti zamanı məhz bu sözləri demişdi: “Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə – hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.

Həqiqətən də Prezident İlham Əliyev öz çıxışında da qeyd etdiyi kimi nəyi nə vaxt edəcəyini çox yaxşı bilir. Düşünürəm ki, cənab Prezidentin dediyi hər bir fikir aksiomdur. İlham Əliyev verdiyi bütün vədlərinə əməl edərək bunu sübut etmişdir. Sözü imzasına bərabər olan Ali Baş Komandan nəyi nə vaxt edəcəyini çox yaxşı bilir və xalqına verdiyi sözləri daim yerinə yetirmişdir. Azərbaycan xalqı da daim öz prezidentinin arxasındadır və prezident-xalq birliyi heç bir ölkədə görülməyəcək şəkildə vəhdət halını almışdır. Bu nöqteyi-nəzərdən prezident seçkilərinin növbəti ilin 7 fevral tarixində keçirilməsinin xalqımızın siyasi iradəsi baxımından heç də təəccüblü olmayacaq. Xalqımızın öz prezidentinə güvənir, onun qarşıya qoyduğu məqsədlərinə çatacağına və verdiyi sözlərə tam əməl edəcəyinə səmimi qəlbdən inanır.