Millət vəkili:”Ermənistan beynəlxalq güclərin alətidir”

“Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutması Ermənistanın məqsədli şəkildə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır. Azərbaycan hərbçisinin hədəfli atəşlə vurulması Ermənistanın snayperlərdən istifadə etdiyini, əraziyə snayperlərin cəlb olunduğunu göstərir. Bu isə təxribatın məqsədli şəkildə törədildiyini təsdiqləyir”.

Bu sözləri  açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Ermənistanın bu aqressiyasının səbəbi ilk növbədə ötən həftə Vaşinqtonda xarici işlər nazirləri arasında keçirilən 4 günlük danışıqlarda İrəvanın ağır vəziyyətə düşməsilə bağlıdır: “Məlumdur ki, Vaşinqtonda keçirilmiş danışıqlarda Ermənistandan Azərbaycanın ərazi bütövlüyünü tanınması tələb olundu. Qarşıdan isə Brüssel danışıqları gəlir. Artıq rəsmi Bakının da bəyan etdiyi kimi, Azərbaycan tərəfi ötən il baş tutmamış və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verib. Eyni zamanda, Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. Azərbaycan tərəfi öz növbəsində, Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib. Bununla yanaşı, sözügedən görüşün təfərrüatları barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişinyov görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil. Yəni, Ermənistan Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə də eyni vəziyyətlə üzləşəcəyini və çətin vəziyyətə düşəcəyini dərk edir. Bu səbəbdən İrəvan durumu gərginləşdirmək üçün ənənəvi üsula – təxribata əl atır.

Əslində Ermənistanın təxribatlarının arxasında maraqlı qüvvələrin də dura biləcəyi istisna olunmur. Çünki bu ölkə fosrpostdur və beynəlxalq güclərin alətidir. Təcrübə də göstərir ki, maraqlı qüvvələr istənilən vaxt Ermənistandan öz məqsədləri üçün istifadə edir. Amma istənilən halda, heç bir təxribat Azərbaycanın öz prinsipial mövqeyindən yayındıra bilməz. Üstünlük diplomatik müstəvidə də rəsmi Bakının tərəfindədir”.