Milli Məclisdə Azərbaycan və Latviya parlamentlərarası dostluq qruplarının görüşü keçirilib

Azərbaycan və Latviya parlamentlərarası dostluq qruplarının görüşü keçirilib.

XALQ.AZ xəbər verir ki, iyunun 8-də Milli Məclisdə Azərbaycan və Latviya parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının görüşü keçirilib.Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov qonaqları salamlayaraq iki ölkə arasındakı əməkdaşlığın əhəmiyyətindən söz açıb. Azərbaycan və Latviya arasında tarixi köklərə malik münasibətlərin qorunub saxlanmasından, bu əlaqələrin müstəqillik illərində daha da inkişaf etdirilməsində ölkə liderlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb. Kamran Bayramov qarşılıqlı əməkdaşlığın inkişafında hökumətlərarası komissiyanın fəaliyyətinin əhəmiyyətinə toxunub, iki ölkənin qanunverici orqanları arasında əlaqələrin mövcud vəziyyətindən, gələcək perspektivlərindən bəhs edib.Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinş baba yurdu olan Azərbaycana səfərindən məmnunluğunu bildirib. Azərbaycan və Latviya əlaqələrinin tarixindən bəhs edən Roman Naudinş xalqlarımız arasında mövcud olan oxşarlıqlara diqqət çəkib. Latviyalı qonaq iki ölkə arasında humanitar, təhsil, peşə hazırlığı kimi sahələrdə əməkdaşlıq potensialına diqqət çəkib.Seymin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədr müavini Armands Krauze və qrupun digər üzvü Aleksandr Kirşteins də çıxışlarında ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətlərini nəzərdən keçiriblər, meşəsalma və yaşıllaşdırma, tikinti və ağac emalı kimi sahələrdə Latviyanın təcrübəsindən bəhs ediblər.Görüşdə Milli Məclisin deputatı Nizami Səfərov latviyalı qonaqlara müharibə başa çatdıqdan sonra Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməsi və Azərbaycan ərazisində həbs olunmuş erməni təxribatçılarını “hərbi əsirlər” kimi qələmə verməsi məsələsini beynəlxalq hüquq nöqteyi-nəzərindən ətraflı şərh edib. O, Ermənistanın bu kimi pozucu fəaliyyətlərinin beynəlxalq hüquqa, BMT sənədlərinə və bir dövlət kimi üzərinə götürdüyü öhdəliklərə zidd olduğunu tutarlı dəlillərlə latviyalı parlamentarilərin diqqətinə çatdırıb. Deputat Fatma Yıldırım da öz növbəsində Azərbaycanın azad edilmiş ərazilərində erməni işğalının acı mənzərəsi, həyata keçirilən tikinti-bərpa işləri, bu sahədə əməkdaşlıq perspektivləri barədə bəhs edib.Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.