Milli Məclisdə gənc müəllimlərin mükafatlandırılması mərasimi keçirilib

Oktyabrın 3-də Milli Məclisin Gənclər və idman komitəsi, Azedu.az təhsil portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə orta ümumtəhsil müəssisələrinin müəllimləri arasında keçirilən “İlin gənc müəllimi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

XALQ.AZ  xəbər verir ki, parlamentin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, müsabiqənin məqsədi təhsil sahəsində faydalı işlər görən ən yaxşı müəllimləri üzə çıxarmaq, onların fəaliyyətlərini qiymətləndirmək, dövlətin bu istiqamətdə verdiyi təminatları bir daha göstərməkdir. Müsabiqə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub. Bu, artıq ikinci belə müsabiqədir. Birinci müsabiqə ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə əlaqədar təşkil olunub.

Komitə sədri müəllim peşəsinin cəmiyyətdə rolu barədə danışaraq, müəllimlərin üzərinə düşən məsuliyyəti qeyd edib. Bildirib ki, müəllimlərin qarşısında gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq, onlara bilik və bacarıqları aşılamaq, cəmiyyət üçün savadlı, yüksək mənəviyyatlı, vətənpərvər şəxsiyyət yetişdirmək kimi böyük vəzifələr durur.

Vurğulanıb ki, ölkəmizdə təhsil sahəsində çalışanlara dövlət səviyyəsində hər zaman diqqət və qayğı ilə yanaşılıb, müəllim əməyi yüksək qiymətləndirilib, bu peşə sahiblərinə böyük hörmət bəslənilib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin inkişafı istiqamətində bir çox tədbirlər həyata keçirilir. Bu istiqamətdə dövlət proqramları qəbul edilib. Bu proqramlar təhsilimizi dünya standartları səviyyəsində qurmağa imkan yaradır.

Qeyd edilib ki, təhsil sahəsində həyata keçirilən islahatlara Milli Məclis də öz layiqli töhfəsini verir. Bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi işi uğurla həyata keçirilir. “Gənclər siyasəti haqqında”, “Təhsil haqqında”, “Ali təhsil haqqında”, “Peşə təhsili haqqında” və digər bu kimi qanunlar qəbul olunub.

Deputatlar Şahin İsmayılov, Cavid Osmanov, Sevinc Hüseynova, Elşən Musayev öz çıxışlarında bildiriblər ki, son illər ölkəmizdə müəllimlərin peşəkarlıq səviyyəsinin və nüfuzunun artırılması istiqamətində məqsədyönlü tədbirlər görülür. Xüsusilə ucqar bölgələrdə yerləşən məktəblərin şəraiti və kadr təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu nailiyyətlərin əldə olunmasında bu gün Heydər Əliyev Fondu öz layiqli dəstəyini verməkdədir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələr bu prosesdə xüsusi önəm daşıyır.

Toplantıda iştirak edən Təhsil Nazirliyinin nümayəndəsi Elnur Məmmədov, Bakı Şəhər Təhsil İdarəsinin təmsilçisi Bəşarət Məmmədov, Azedu.az portalının direktoru Elşad Eyvazlı bu cür müsabiqələrin təşkilinin əhəmiyyətindən söz açıblar. Onlar son dövrdə təhsil sahəsində görülən işlərdən, əldə olunan keyfiyyət dəyişikliklərindən bəhs edib, müasir dövrdə müəllimlərin üzərinə düşən vəzifələri diqqətə çatdırıblar.

Görüşdə gənc müəllimlər Ehtiram Safquliyev, İlahə Həmidova, Pərvin Əşari, Mətanət Kərimova, Aynur İbrahimova, Şəbnəm Uğurlu, Elvin Bəkirov, Kəmalə Səmədova, Həbib Əlizadə, Elçin Abbasov, Nərmin Məmmədova öz uğur hekayələrindən danışıb, dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Sonra müsabiqənin qalibləri mükafatlandırılıb.