Milli Məclisdə görüş-Fotolar

Mayın 15-də Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Xorvatiya parlamentinin sədr müavini Davorko Vidoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

XALQ.AZ xəbə verir ki , görüşdə nümayəndə heyətini salamlayan vitse-spiker Fəzail İbrahimli Xorvatiya parlamentinin sədr müavini Davorko Vidoviçin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini bildirib, onun sabah Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirakını yüksək qiymətləndirib.
Fəzail İbrahimli Azərbaycanın müstəqillik tarixindən söz açıb, bu gün ölkəmizin inkişaf səviyyəsinə görə regionda ən qüdrətli dövlət olduğunu qeyd edib.
44 günlük Vətən müharibəsindən bəhs edən Fəzail İbrahimli Azərbaycanın Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılmış əzəli torpaqlarını azad etdiyini və öz ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. Bildirilib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə sürətli quruculuq işləri həyata keçirilir.
Milli Məclisin sədr müavini Azərbaycanın öz xarici siyasətini dünyanın bütün dövlətləri ilə qarşılıqlı hörmət və beynəlxalq hüququn normaları əsasında qurduğunu deyib. Xorvatiyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu söyləyən vitse-spiker ölkələrimiz arasında qurulan diplomatik münasibətlərdən danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycanla Xorvatiya arasındakı əlaqələrin inkişafı üçün dövlət rəhbərləri və hökumətlərimiz tərəfindən böyük yol qət olunub. Eyni zamanda, parlamentlərarası əlaqələrimizin də kifayət qədər inkişaf etdiyini deyən vitse-spiker bu əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Xorvatiya parlamentinin sədr müavini, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü Davorko Vidoviç ölkələrimizin müstəqillik tarixlərindəki oxşarlıqlara nəzər salıb.
Azərbaycan və Xorvatiya arasındakı əlaqələrdən bəhs edən xorvatiyalı vitse-spiker COVID-19 pandemiyası zamanı Azərbaycanın Xorvatiyaya göstərdiyi tibbi yardıma görə minnətdarlığını bildirib. Xorvatiyanın minatəmizləmə sahəsində geniş təcrübəsinin olduğunu söyləyən nümayəndə heyətinin rəhbəri ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş ərazisində bu istiqamətdə fəal iştirak etmək istədiyini diqqətə çatdırıb.
Görüşdə çıxış edən Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva, qrupun üzvləri – Milli Məclisin komissiya sədri Eldar Quliyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu gün sürətlə inkişaf edən Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında aparılan quruculuq işlərindən danışıblar.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Qüdrət Həsənquliyev, Rauf Əliyev, İltizam Yusifov, Xorvatiya parlamentinin Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri, Azərbaycanla dostluq qrupunun üzvü Erik Fabiyaniç, dostluq qrupunun üzvləri İvan Çeliç, Lyubitsa Maksimçuk, Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç və digər rəsmi şəxslər iştirak ediblər.