Milli məclisdə komitə iclasları başlayır

 

40

Sentyabrın 9-dan Milli Məclisin komitə iclasları öz işinə başlayır. Artıq bəzi komitələrdə hansı qanun layihələrinin müzakirə olunacağı bəllidir. Modern.az saytı Milli Məclisin bir neçə komitəsi ilə əlaqə saxlayaraq növbəti iclaslarda müzakirəyə çıxarılacaq qanun layihələrinin adlarını öyrənib.

İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyir ki, “Reklam haqqında qanun” gündəmdə layihəsi var. “Bu qanun layihəsini növbəti sessiyada müzakirəyə çıxarmaq istəyirik. Gündəmdəki ikinci sənəd “Rəqabət məcəlləsi haqqında qanun layihəsi”dir. “Rəqabət məcəlləsi”ni də gündəliyə salmaq istəyirik. Üçüncüsü isə bir sıra qanunlara dəyişikliklə bağlı layihədir”.

Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev yarımçıq qanun layihəsinin olmadığını deyib.
“Bizdə bütün qanun layihələri müzakirəyə çıxarılıb. Sadəcə olaraq “Ərazi bölgüsü haqqında qanun layihəsi” gündəmə çıxarılacaq. Bu ayın 9-da öz iclasımızı keçirəcəyik. Ərazi bölgüsü, bəzi kənd adlarının dəyişdirilməsi, təbliğat vasitələrinin gücləndirilməsi kimi məsələlər bələdiyyə seçkilərinə doğru getdiyimizdən iş planına daxildir. Həmçinin yerlərdən adların dəyişdirilməsi haqqında bizə məlumat gəlməlidir. Gündəlikdə də var ki əgər həmin məsələlər bizə daxil olarsa,  il boyu müzakirə etməliyik”.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov müzakirəyə çıxarılacaq bir neçə qanun layihəsinin adını çəkib.
“Növbəti payız sessiyasında “Kooperasiya haqqında qanun layihəsi” müzakirəyə çıxarılacaq. Biz o sənədi vaxtilə birinci oxunuşdan keçirtdik. Ancaq qanun layihəsində müəyyən məsələlər vardı ki, razılaşdırılmalıydı. Bu, artıq razılaşdırılıb. Yəqin ki, oktyabrda layihənin müzakirəsi olacaq. Həmçinin, “İnformasiya xidməti” ilə əlaqədar qanun layihəsinı baxılması nəzərdə tutulur”.

Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov konkret olaraq müzakirəyə çıxarılacaq qanun layihəsindən danışmayıb.
“Bizdə də qanun layihələri var. Həmin layihələr müzakirə olunub, növbəti sessiyanın gündəliyinə təqdim ediləcək. Bizdə bir sıra sənədlər var ki, həm bizim komitə tərəfindən, həm də ayrı-ayrı qanunvericilik təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Hansı qanun layihələrinin komitəmizin ilk iclasında müzakirəyə çıxarıldığı haqqında məlumat verəcəyik”.

Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli yeni qanun layihələrindən söz açıb. “Çox hörmətli deputat həmkarımız Mehriban xanım Əliyevanın təşəbbüsü ilə vaxtaşırı Ailə Məcəlləsinə əlavə və dəyişiklik üşün, eyni zamansda gənclər siyasəti, uşaqlarla bağlı qanun yaradıcılığı istiqamətində layihələr təqdim olunur. Həmin qanun layihələrindən biri də Ailə Məcəlləsinə edilən dəyişikliklə bağlıdır. Bu dəyişiklik Ailə Məcəlləsinin 13-cü maddəsində nikaha girənlərin imperativ olaraq sağlamlıqları haqqında arayışın təqdim olunması məsələsidir. Bu arayış bir sıra xəstəliklərin aşkar olunmasına xidmət edir. Bu layihənin kökündə duran işlərdən biri də odur ki, Azərbaycanda hemofiliya və talassemiya xəstələri üçün Mehriban Əliyevanın təşəbbüsü ilə böyük bir mərkəz yaradılıb. Mərkəz yaradıldıqdan sonra bu xəstələrdə sağalma prosesi yaxşı gedir. Nikaha girənlərin içində elələri var ki, qan xəstəliklərindən əziyyət çəkirlər. Cəmiyyətdə gedən proseslər onu göstərir ki,nikaha girəndə xəstəlikdən xəbərsiz olurlar və sonra bir sıra ailələr bu səbəblərdən dağılır. Yalnız nikaha girəndən sonra ailə qurduqları insanın QİÇS, Hepatit C kimi xəstəliklərin daşıyıcısı olduğunu bilirlər və bu xəstəliklər ağır fəsadlarla müşahidə olunur. Bu layihədə arayışın təqdim olunmasına icazə verilir. Nikaha girənlər hər iki tərəfin xəstəliyinin nə olduğunu bilməlidirlər. Amma bu, nikahı qadağan etmir. Sevənlər, ailə qura bilərlər, amma bir-birinin xəstəliyi haqqında məlumatlı olub nikaha girməlidirlər. Bu, çox önəmli məsələdir.
Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik ediləcək. Yalan məlumat verən, yalan arayiş təqdim edən həkimlər cəzalandırılacaq. Hətta, sirri saxlamayan VVAQ şöbələrinin müdirləri və sirri yayan adamlar bununla bağlı müvafiq cəzaya cəlb olunacaqlar. Bundan başqa,  bizim bir sıra qanun layihələrimiz var ki, bunu da iclasa salmaq haqqında düşünürük. Bunlardan biri “Optika haqqında” qanun layihəsidir. Digər qanun layihəsi “Turist bələdçiləri haqqında” adlanır. Bir sıra qanun layihələri var ki, komitə iclasında müzakirə etdikdən sonra parlamentin sessiyasına tövsiyə olunacaq.
İdmanda kobudluqlara qarşı mübarizə ilə bağlı qanun layihəsi hazırlanıb. Yarımçıq qalan sənədlərdən “Rekroduktiv sağlamlıq haqqında”,  “Uşaqların istirahəti haqqında” qanun layihələri də gündəmdədir. Bundan başqa, cəmiyyət bu gün çox ciddi olaraq toy və yas mərasimləri ilə bağlı qərarın qəbul edilməsini istəyir. Bizim komitə bununla bağlı qanun qəbul etmək yox, örnək addımlar atmaq fikrindədir. Daha çox cəmiyyəti tərpətməli, ictimai qınağı gücləndirməliyik”.

Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev isə müzakirəyə çıxarılacaq yalnız bir qanun layihəsinin adını çəkib. “Növbəti payız sessiyasında “Elm haqqında qanun” layihəsi müzakirəyə çıxaracağıq. Ola bilsin ki, bəzi qanun layihələri də müzakirə olundu. Sadəcə olaraq, hələlik bu barədə müzakirələr aparırıq”.