Milli məclisdə komitələrin iclası keçirilib

 

93

 

Milli Məclisin Hüquq siyasəti və dövlət  quruculuğu, Sosial  siyasət  komitələrinin birgə  iclası  keçirildi. İclasa  sədrlik  edən Hüquq siyasəti və dövlət  quruculuğu komitəsinin sədri Əli Hüseynli əvvəlcə  həmkarlarını  yeni  sessiyanın  başlanması  münasibəti ilə  təbrik  etdi. O, 2014-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində rəhbərlik  etdiyi komitədə görülmüş işlər və payız sessiyası üçün qanunvericilik işləri planı barədə məlumat verdi.
Gündəlikdəki məsələlərin müzakirəsinə “Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi ilə  başlanıldı. Sənədlə bağlı  Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verdi. Qeyd  olundu ki, nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və ya immun çatışmazlığı virusunun olmasını bildiyi  halda  digərindən gizlədərsə, qarşı tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Bildirildi ki, nikahla bağlı qanuna təklif edilən dəyişikliklər Azərbaycanın milli genefondunun qorunması üçün atılan addımlardır. Layihəyə görə nikaha daxil olanların tibbi müayinəsi və müəyyən məsləhətlərin verilməsi tərəflərin razılığı ilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.
Məsələni müzakirə edən komitə üzvləri layihənin vacibliyindən  söz  açdılar, təkliflərini  səsləndirdilər. Hadi Rəcəbli vurğuladı ki, komitə üzvləri tərəfindən verilən dəyərli təkliflər sənəddə öz əksini tapacaq.
İclasın gündəliyində duran növbəti məsələ “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənəd idi. Layihəyə görə, xarici dövlətdə mövcud olan Qeyri-hökumət Təşkilatı digər təşkilatla birləşdikdə, bölündükdə və ya təşkilati-hüquqi formasını dəyişdikdə onun Azərbaycan ərazisindəki filialı və ya nümayəndəliyi ləğv edilir.
Sonra  komitədə “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədə baxıldı. Әli Hüseynli qeyd  etdi ki, qanun layihəsinə əsasən, siyasi partiyaların üzvlük haqqı onların nizamnamələrində aydın şəkildə göstərilməlidir. Bununla yanaşı, siyasi partiyalara verilən ianələrin yuxarı həddi də müəyyən edilib. Siyasi partiyalara bir il ərzində ən çoxu 10 min manat ianənin verilməsi nəzərdə tutulur.
İclasda bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi haqqında məsələlərə baxıldı. Bildirildi ki, Cinayət-Prosessual, İnzibati Xətalar, Miqrasiya, Əmək,  Şəhərsalma və Tikinti məcəllələri ilə yanaşı, “Polis haqqında”, “İnzibati icraat haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Cinayətyolu ilə əldə edilmiş pul vasitələrinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun layihələrinə müəyyən texniki xarakterli düzəlişlər olunub.
Sonra iclasda “Yol hərəkəti haqqında”, “Notariat haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” qanunlarda, həmçinin “Azərbaycanda daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” və “Dənizçinin şəxsiyyət sənədi haqqında”  əsasnamələrdə dəyişikliklər edilməsi barədə qanun layihələrində də texniki xarakterli düzəlişlər edildi.
Ümumi müzakirələrdən sonra qanun layihələrinin hər birinə edilən  dəyişikliklər məqbul hesab edilərək Milli Məclisin plenar iclasının  gündəliyinə tövsiyə olundu.