Milli Məclisin deputatları MDB PA-nın tədbirlərində

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak etmək üçün Sankt-Peterburqda səfərdədir.Nümayəndə heyətinin üzvləri tədbirlər çərçivəsində “Səhiyyə xidmətlərinin hamıya şamil olunması və dayanıqlı inkişafın məqsədləri” mövzusunda beynəlxalq konfransın işində, MDB PA-nın daimi komissiyalarının iclaslarında iştirak ediblər. Belə ki, Milli Məclisin deputatı Nizami Səfərov beynəlxalq konfransın panel diskussiyalarına qatılıb, MDB PA-nın plenar iclasında bir sıra model qanunlar haqqında məruzə ilə çıxış edib, qurumun Sosial siyasət və insan hüquqları daimi komissiyasının işində iştirak edib.

Deputatlardan Anatoliy Rafailov yuxarıda adı çəkilən komissiyanın, Rüfət Quliyev, Anar Məmmədov, İltizam Yusifov (onlayn formatda) təşkilatın İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının, Rasim Musabəyov, Tamam Cəfərova, Emin Hacıyev (onlayn formatda) MDB PA-nın Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının iclaslarında gündəlikdə olan məsələlərin müzakirəsində yaxından iştirak ediblər. Deputatlarımız müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirib, öz qeyd və təkliflərini veriblər.MDB PA-nın plenar iclası çərçivəsində Milli Məclisin deputatları Nizami Səfərov və Tamam Cəfərova MDB Parlamentlərarası Assambleyasının “Parlament əməkdaşlığının möhkəmləndirilməsi” medalı ilə təltif olunublar.Sankt-Peterburqda keçirilən tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və MDB-nin Parlamentlərarası Assambleyasında Milli Məclisin daimi nümayəndəsi – Baş katibin müavini Aydın Cəfərov iştirak ediblər.