“Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır” – Deputat

26 İyun – Qafqazın ən güclü, ən hazırlıqlı ordusunun şərəf günü, hərb salnaməmizdə parlaq səhifə açan Silahlı Qüvvələrin qürur tarixidir! Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubiley ilinə təsadüf edən Cənubi Qafqazda 200 illik münaqişəyə, 30 illik işğala son qoyan qüdrətli Azərbaycan Ordusu ildönümünü qalib qüvvə kimi qeyd edir. Məhz Heydər Əliyevin müvafiq Sərəncamı əsasında 1998-ci ildən başlayaraq 26 iyun ölkəmizdə Silahlı Qüvvələr günü kimi dövlət səviyyəsində qeyd olunur. Eyni zamanda, bu bir həqiqətdir ki, milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Prezident İlham Əliyev iyunun 23-də Silahlı Qüvvələr Günü ərəfəsində Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ordusunun formalaşmasında xüsusi rolu vardır. Hələ sovet dövründə Naxçıvanski adına hərbi məktəbin yaradılması məhz bu məqsədi güdürdü ki, Azərbaycanda peşəkar zabit təbəqəsi yaransın.
Bəli, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı. Yalnız Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra respublikamızda bütün digər sahələrdə olduğu kimi, hərbi quruculuq istiamətində də mütərəqqi inkişaf meyilləri formalaşdı, ölkənin gələcəkdə hərbi qüdrətinin daha da möhkəmlənməsi və müstəqil fəaliyyəti üçün əsaslı zəmin yarandı. 1971-ci ildə böyük zəhmətlər bahasına ərsəyə gəlmiş Cəmşid Naxçıvanski adına hərbi məktəb Azərbaycanda ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.

Bu uğurlu siyasətin layiqli davamçıs Prezident, Ali Baş Komandan İlham Əliyev 20 illik prezidentlik fəaliyyəti dövründə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu.

Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “güclü dövlət” konsepsiyasına nəzər salaq. Məhz bu konsepsiyanın əsasını təşkil edən üç mühüm güc – iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu. Bəli, sözü imzası qədər keçərli olan Prezident İlham Əliyev yaratdığı Müzəffər Ordu ilə əsl sərkərdə məharətini dünyaya nümayiş etdirdi. Beynəlxalq birliyin ən böyük təşkilatı olan BMT-nin çıxardığı və icrasını yerinə yetirə bilmədiyi qətnamələri Ali Baş Komandan İlham Əliyev cəmi 44 gün ərzində həll etdi və bununla da tarixi ədalət bərpa olundu. Beləliklə, “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Və bu gün 105-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində sübut etdi ki, bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Eyni zamanda, 44 günlük Vətən müharibəsində Türkiyənin ordu modeli özünün uğurunu bir daha sübut etdi. Belə ki, Azərbaycan Ordusunun döyüşaparma və özünümüdafiə qabiliyyətlərinin artırılması, o cümlədən hərbi arsenalımızın müasir dövrün tələblərinə cavab verən texnika və silahlarla zənginləşdirilməsində qardaş ölkənin təcrübəsindən geniş şəkildə istifadə olunur. Türkiyə Respublikasının Silahlı Qüvvələri müasir dünyanın ən güclü ordularından biri olmaqla, günümüzdə tətbiq olunan yeni proqram və mexanizmlərin Azərbaycan Ordusuna inteqrasiyasında əhəmiyyətli rol oynayır. İki dövlətin ordu rəhbərliyi arasında keçirilən yüksək səviyyəli görüşlər, iki ordunun hərbi qulluqçularının iştirakı ilə təşkil olunan təlimlər nəticəsində Azərbaycan Ordusunun güclənməsi və müasir tələblər çərçivəsində qurulmasına yönəlik mühüm işlərə imza atılır. Bir sözlə, önəmli olan odur ki, tarixi köklərə söykənən və fundamenti qarşılıqlı etimad prinsipi üzərində qurulan əməkdaşlıq və tərəfdaşlıq bu gün ən yüksək dövrünü yaşayır.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirmişdir ki, bu gün Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf etdirilir. Hazırda Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür və ordu quruculuğu prioritet məsələlərdəndir: «Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir. Məhz buna görə bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir, istər hərbi cavab, istər siyasi cavab. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır”.

Bəli, bu gün Azərbaycan regionda ən güclü orduya malik ölkə statusunu daşıyır. Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından Azərbaycan nümunəvi dövlət olaraq qəbul edilir. Və Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri getdikcə daha da güclənir, dünyanın qüdrətli hərbi güclərindən birinə çevrilir və bundan sonra da tam modern hərbi gücə çevriləcək. İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı söylədiyi kimi: “Ordumuzun daha da gücləndirilməsi bir nömrəli vəzifə olaraq qalır…Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir”.

MƏŞHUR MƏMMƏDOV,
Milli Məclisin deputatı