Milli qəhrəmanın anım mərasimi keçirilib

İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, polkovnik İlqar Mirzəyevin anım tədbiri keçirilib.  Mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyətin nümayəndələri, eləcə də Milli Qəhrəmanın ailə üzvləri iştirak ediblər.

Anım mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib.

Çıxış edənlər İ.Mirzəyevin şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Vətənə qüsursuz xidmətindən, şücaət və igidliyindən danışıblar.

Ardınca şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.

Qeyd edək ki, lqar Anzor oğlu Mirzəyev 1973-cü ilin mayın 8-də Gürcüstanın Qardabani rayonunda anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Artilleriya rəisi vəzifəsində çalışıb.

2020-ci il iyulun 14-də Tovuz istiqamətində şəhid olub. İkinci Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin ötən ilin dekabrın 9-da imzaladığı sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.