“Milliön” aparatları insanları yorub – Donur, pulu qəbul etmir və ya “UDUR”

Dəfələrlə şikayətlər edilməsinə baxmayaraq, ödəmə terminalları arasında “Milliön” fəaliyyətində keyfiyyət dəyişikliyinə getmir. Bu da istər-istəməz müştərilərin alternativ xidmətlərdən istifadə etməsinə səbəb olur. Çünki “Milliön” aparatları etibarlılığını itirməkdədir və keyfiyyətli xidmət göstərmir.

XALQ.AZ xəbər verir ki, müştərilər bu aparatların tez-tez donmasından, bir sıra xidmət sahələrinin bu terminalda olmamasından daha çox şikayət edirlər. Eyni zamanda bir sıra marketlərdə “Milliön” aparatlarının monitorunun sönük olduğunu, işləmədiyini görmək olar.

Ona görə müştərilər digər ödəmə terminallarına üstünlük verirlər. Əsas problemlərdən başlıcası ödəmə aparatlarının nasaz olması, donması, kommunal ödənişlər edərkən xüsusən qaz kartını qəbul etməməsi, pulun yüklənməsində yaranan problemlərdir.

Bir sıra hallarda ya aparat ödənişi götürmür, ya pulu dəyişməli olursan, ya yüklənmir və təzədən “Milliön” qaynar xəttinə müraciət etməyə məcbur qalırsan. Bu da işini operativ görmək istəyən, vaxt itirmək istəməyən vətəndaşların zamanını alır, problem yaşadır.

Vətəndaşlar bildirirlər ki, bu aparatların əksəriyyəti artıq öz istismar müddətini başa vurub. Son olaraq “Azərişıq”ın qeyri-əhali ödənişlərinə görə “Milliön” tərəfindən əlavə 1 manat tutulmasına başlanması da həm narazılıq yaradıb, həm də bu terminala olan münasibəti daha da dəyişib. /tia.az/

Əməkdaşlarımız Bakının müxtəlif yerlərində yerləşən “Milliön”aparatlarının necə işləməsi ilə bağlı geniş sorğu araşdırması həyata keçirib. Aparatlardan istifadə edən insanlar konkret olaraq narazılıq edib, istifadəyə yararsız olduğunu bildiriblər. Həmçinin Bakıətrafı kənd və qəsəbələrdə bu aparatların pulu “udaraq” saxlaması adi hala çevirilib. Bu səbəbdən də insanlar bu aparatlara inanmır və istifadə etmir.

Sorğuda iştirak edən vətəndaşlar bildirib ki, bu aparatlar mağazalarda sadəcə yer tutur. Həmçinin “Milliön”aparatlarının mağaza və obyektlərdə yerləşdirilməsi ödənişlə həyata keçirilir. Yəni,əgər mağaza sahibi istəyirsə ödəniş etməlidir və bundan sonra “Milliön”aparatları gətirilir. 

Qeyd edək ki, son bir ildə “Milliön”aparatlarından istifadə faizi kifayət qədər aşağa düşüb və bu faiz dərəcəsi günü-gündən azalır. Elə isə, müştərilərə normal xidmət əvəzinə problem yaradan, vaxt alan və əsəb yaradan xidmət nədən dayandırılmır?

Ümumiyyətlə, bu biznes kimindir və necə işləməlidir?