“Minalar kənd təsərrüfatında məhsuldar torpaqların bol olduğu ərazilərdə yerləşdirilib” – İqtisadçı

İSTİQAMƏT:6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi;

“Azərbaycan dünyada  əraziləri ən çox  minalarla çirkləndirilmiş ölkələr arasındadır. Ermənistan ərazilərimizi işğal etdiyi dövrdə milyonlarla minanı xaotik şəkildə basdırmışdır. Amma müharibənin 3 ilə yaxın əvvəl başa çatmasına baxmayaraq Ermənistan minalanmış ərazilərin dəqiqləşdirilmiş xəritələrini Azərbaycana vermir”.

Bu fikirləri    Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili xatırladıb ki, Ermənistan tərəfindən təqdim edilmiş xəritələrin 25%-ə qədər dəqiqliyi var:

“Bu da ərazilərin minalardan təmizlənməsi işini çətinləşdirir. Həm də bu prosesin həyata keçirilməsi üçün  çoxlu vəsait və zamana ehtiyac duyulur. Azərbaycan ərazilərin minalardan təmizlənməsi prosesini müasir avadanlıqlar və texnologiyaların köməyi ilə həyata keçirir. Bu işə xüsusi maşınlar, robotlar cəlb olunaraq uzaqdan idarə edilməklə əməkdaşların həyatı təhlükəsini minimumlaşdırılır. Bununla yanaşı, müharibənin başa çatdığı dövrdə 300-dən yuxarı insan minalara düşərək dünyasını dəyişib və ya xəsarət almışdır. Bu, Ermənistanın mina terroruna davamı deməkdir. Biz işğaldan azad edilmiş ərazilərinin kənd təsərrüfatına yararlı torpaqlar olduğunu nəzərə alsaq, ərazilərdə əkin işlərinin aparılması  nə qədər təhlükəli olduğunu təsəvvür edə bilərik. Minalanmış ərazilərin təmizlənməsi prosesi uzun zaman tələb etdiyi kimi, bu əraziləri minalardan təmizləyib tam şəkildə kənd təsərrüfatı işlərinin həyata keçirilməsi üçün  yenidən dövriyyəyə buraxılması üçün də daha çox zamana ehtiyac olacaq. Beynəlxalq təşkilatlar bu gün  Ukraynanın ərazilərinin minalanmasından narahat olduğu kimi , ondan da əvvəl minalanmış Azərbaycan əraziləri ilə bağlı da öz narahatlığını bildirməlidir. Həm də ərazilərin minalardan təmizlənməsi prosesinə maddi – texniki dəstək göstərməli və minalanmış ərazilərin dəqiq xəritələrinin verilməsi üçün Ermənistana təzyiq göstərməlidir”.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov isə bildirib ki, mina problemi həm işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşma, həm də aqrar sektorun inkişafı baxımından ciddi əngəllərdən biridir:

“Baxmayaraq ki, Azərbaycan daha qısa müddətdə həm minadantəmizləmə, həm də məskunlaşma prosesini apara bilir. Bu istiqamətdə işlər intensiv şəkildə gedir. Mina xüsusən də iqtisadiyyatın formalaşması, sənaye və kənd təsərrüfatının inkişafı baxımından  problemlər yaradır. Problemlər iqtisadi baxımdan daha çox aqrar sektora aiddir. Çünki aqrar sektor əkin sahələri tələb edir və torpaqlar minalı olduğu üçün kənd təsərrüfatı işlərinin aparılmasında çətinlik yaranır. Belə ki, minalar kənd təsərrüfatında məhsuldar torpaqların bol olduğu ərazilərdə yerləşdirilib. Bir sözlə, Azərbaycanın işğaldan azad olmuş ərazilərimizdə intensiv kənd təsərrüfatına mane olan faktorlardan biri minalardır. Ancaq bu istiqamətdə işlər intensiv getdiyinə görə hər il yararlı əkin sahələrinin artmasını müşahidə  edəcəyik”.