Misirdə Heydər Əliyev anıldı

Misirin Qalyubiyyə vilayətinin Qanatır əl-Xeyriyyə şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib. 

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycanın Misirdəki səfirliyinin birgə təşkilatçılığı ilə Misir-Azərbaycan Dostluq Parkında baş tutan tədbirdə Qalyubiyyə vilayətinin qubernatoru Əbdülhəmid Əl-Həccən, Qanatır şəhər bələdiyyəsinin, yerli ictimaiyyətin, Azərbaycan icmasının, medianın nümayəndələri və cəmiyyətin nəzdindəki müxtəlif kurslarda təhsil alan 10-dan çöx ölkənin tələbələri iştirak ediblər.

Öncə ümummilli lider Heydər Əliyevin parkdakı heykəli ziyarət edilib. Dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla yad edilib və abidəsi önünə əklil qoyulub və güllər düzülüb. Sonra tədbir iştirakçıları parkda yerləşən kitabxanada Ulu Öndər Heydər Əliyevə və Azərbaycana həsr edilmiş materiallarla, misirli uşaqların Azərbaycana və Heydər Əliyevə həsr etdikləri rəsm sərgisi ilə tanış olublar.

Tədbirdə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan Diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, ulu öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan rəhbər kimi yaşayır. Onun müdrik siyasətinin Azərbaycanı daim inamla irəliyə apardığı diqqətə çatdırılıb.

Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov görkəmli dövlət xadiminin həyat və fəaliyyəti, “Heydər Əliyev İli” çərçivəsində Misirdə keçirilən silsilə tədbirlər, ikitərəfli əlaqələrin inkişafında Heydər Əliyevin müstəsna rolu və hazırda bu istiqamətdə atılan addımlar barədə ətraflı məlumat verib. Prezident İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin rəsmi səfərləri bu siyasətin uğurla davam etməsinin bariz nümunəsi adlandırılıb.

Qalyubiyyə vilayətinin qubernatoru Ə.Əl-Həccən ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəyə olduğunu qeyd edib. Heydər Əliyevin Misirdə həmişə xoş xatirələrlə yad edildiyini vurğulayıb. Son zamanlar həyata keçirilən rəsmi səfərlərin əhəmiyyətindən söhbət açıb.

Tədbir yerli mədiada geniş işıqlandırılıb.

​​​​​​