MM-də yeni şöbə və rəhbər təyinatı ilə bağlı – Açıqlama

Bu günlərdə bir sıra kütləvi informasiya vasitələrində belə bir məlumat yayılmışdır ki, guya Milli Məclis Aparatının İşlər müdirinin xidmətində yeni Tikinti-təmir şöbəsi yaradılmışdır. İddia edilir ki, hətta şöbənin rəhbərliyinə təyinat da olub.

Milli Məclisin mətbuat xidmətindən XALQ.AZ-a verilən məlumata görə,  belə bir şöbənin “yeni” yaranması ilə bağlı fikirlər tamamilə yanlışdır, həqiqətə uyğun deyil.

Xatırladırıq ki belə bir şöbə hələ  2019-cu il 19 noyabrda Milli Məclis sədrinin 289-5 saylı sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən Milli Məclisin işlər müdiri xidmətinin tikinti-təmir işləri sektoru ləğv edilərək əvəzində Milli Məclisin işlər idarəsinin tikinti-təmir şöbəsi yaradılıb. Bir daha vurğulayırıq ki, belə bir şöbənin yeni yaranması ilə bağlı informasiya tamamilə əsassızdır. Jurnalistləri bir daha dəqiqləşdirilməmiş, əsası olmayan bu cür məlumatları yaymaqdan çəkinməyə çağırırıq.