Modul tipli xəstəxanalar yenidən fəaliyyətə başlayıb? – Koronavirus qorxusu

2023-cü il iyulun 24-dən avqustun 20-dək bütün dünyada təxminən koronavirusa 1,5 milyon yeni yoluxma halı qeydə alınıb ki, bu da əvvəlki 28 günlə müqayisədə 63 % çoxdur. 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji hesabatında deyilir. Xəstəlikdən ölüm halı 2 min nəfərdən çox olub ki, bu da müvafiq olaraq 48 % azalma deməkdir. Ölkəmizdə isə koronavirusa son 1 həftə ərzində 111 nəfər yoluxub. Azərbaycanda koronavirusa yoluxma halı qeydə alındığı gündən bir çox mübarizə tədbirləri görülüb.

Həmin tədbirlərdən biri də xəstələrin müalicəsi üçün modul tipli xəstəxanaların fəaliyyətə başlaması olub. Son günlər yoluxmanın artması ilə modul tipli xəstəxanaların yenidən fəaliyyətə başlaması haqqında xəbərlər dolaşır.

TƏBİB-dən bilidirilib ki, hazırda yalnız 1 modul tipli xəstəxana fəaliyyət göstərir:

“Məlum olduğu kimi, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənib.

Yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb. Pandemiya dönəmində 46 pandemiya tibb müəssisəsi fəaliyyət göstərirdi. Hazırda isə TƏBİB-in tabeliyində sadəcə Məhəmmədi modul tipli xəstəxana fəaliyyətdədir”.