Moskva “B” planını işə salıb

Paşinyan Rusiyaya itaətkarlıq göstərsə də Qərb sevdasından əl çəkmir
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşəcəyi xəbəri yayıldıqdan sonra Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Putin və Paşinyan 10 noyabr və 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi kontekstində regiondakı vəziyyəti müzakirə ediblər.


Üstəgəl, Paşinyan Rusiyanın fəal vasitəçilik səylərinə görə, Kreml sahibinə minnətdarlığını bildirib. Xatırladaq ki, bu, Putinlə Paşinyan arasında həftə ərzində ikinci telefon danışığıdır. İstisna deyil ki, telefon söhbəti Rusiyanın təşəbbüsü ilə baş tutub. Ekspertlərin fikrincə, Putin və Paşinyanın bir-birindən şübhələnməsi üçün əsaslar var. 
Paşinyan Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi və Zəngəzur dəhlizinin açılması məqsədilə Putinin yanaşmasından, Putin isə Paşinyanın Brüsselin vasitəçiliyi ilə gerçəkləşəcək danışıqlarda ortaya qoyacağı mövqedən narahatdır. Aydın görünür ki, Kreml Bakı ilə İrəvan arasında həyata keçirdiyi təkbaşına vasitəçiliyi rəqibi Brüssellə bölüşmək istəmir. Məlum olduğu kimi Vladimir Putin Nikol Paşinyanla dövlət başçısı İlham Əliyevi Brüsseldən əvvəl Moskvada görüşdürmək istəyirdi. Lakin Paşinyan qeyri-rəsmi kanallarla görüşdən imtina etdiyini Moskvaya bildirdi. Yəni Zəngəzur dəhlizinin açılmasına və sərhədlərin müəyyənləşməsinə hazır olmaması səbəbindən Moskvadakı görüşü təxirə salan Paşinyan Brüsseldə görüşə razılıq verdi. 
Paşinyanın Qərbin görüş təşəbbüsünə “hə” deməsini və Moskvanın mövqeyini “Şərq”ə dəyərləndirən siyasi icmalçı Azər Niftiyev bildirib ki, Kreml son dövrlər “fərqli” xarici siyasət yürüdür. Analitikə görə, əvvəlki dövrlərdə Kreml postsovet ölkələrinin daxili işlərinə kobud surətdə qarışırdısa, artıq bunu ölçülü-biçili formada həyata keçirir: 

“Moskva keçmiş ittifaq dövlətlərinin rəhbərləri tərəfindən dozalı tənqidi “anlayışla” qarşılayır. Özünün diktəsi ilə baş tutacaq senariləri əvvəlcə Qərbin masasına çıxarır, yekunda isə “xilaskar” obrazında ortaya çıxır. Biz bunu Qarabağ və digər münaqişələrə münasibətdə görmüşük. Xatırlayırsınızsa, 10 noyabr üçtərəfli bəyanatından öncə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ABŞ-da dövlət katibinin iştirakı ilə atəşkəs bəyanatı imzaladılar. Lakin ömrü bir gün belə sürmədi. Nəticədə Ermənistan Moskvanın vasitəçiliyi ilə kaputilyasiya aktına imza atdı”.
A.Niftiyevin sözlərinə görə, Paşinyanın Rusiyaya minnətdarlıq etməsi özünə qarşı yönələn təzyiqləri azaltmaq məqsədi daşıyır: “Rusiya post-müharibə dövründə Paşinyanı yola salmaq və özünə yaxın “Qarabağ klanı”nı yenidən iqtidara gətirmək niyyətindəydir. Kremlin bu istəyi reallığa çevrilmədiyinə görə Moskva “B” planına əl atdı. Buna əsas səbəb isə Paşinyanın Qərbə yönəlik siyasət yürütməsi ilə bağlıdır. Paşinyan anlayır ki, Rusiya ilə müəyyən məsələlərdə anlaşmalıdır. Əks halda bu gün olmasa da, zamanla onun gedişi qaçılmaz olacaq. Bu səbəbdən müəyyən itaətkarlıq nümunəsi ortaya qoyur. Hansı ki, Rusiyanın rəsmi dairələri bu “nəzakətli davranışı” həmişə seviblər. Lakin həm Rusiya, həm də Paşinyan bilirlər ki, onlar doğma deyillər”. Ekspert düşünür ki, regionda Qərb və Rusiya ilə yanaşı, Türkiyə faktoru da mövcuddur: “Türkiyə dünyanın əsas diplomatik oyunçularından biridir. Regionda söz sahibidir və onun Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyi ortadadır. Bu mövqe isə Azərbaycanı dəstəkləməkdən ibarətdir. Bu səbəbdən həm Rusiya, həm də Qərb münaqişəyə münasibətdə Türkiyə amilini unutmur. Bütün hallarda münaqişə hərbi müstəvidə başa çatıb. Ermənistanın bütün təxribat cəhdləri uğursuzluğa məhkumdur. Son təxribatlar zamanı bunu aydın gördük. Rusiya regional münaqişələrdən hər zaman təzyiq rıçağı kimi istifadə edib və bundan sonra da belə olacaq”.