Müəllim və dövlət qulluqçularının maaşları artırıla bilər

 

54

“Müəllimlərin dövlət qulluqçusu statusuna baxıla bilər. Amma Bakı şəhərində özəl məktəblər də fəaliyyət göstərir. Bu isə ciddi ziddiyyət yaradır. Özəl məktəblərin müəllimlərinin dövlət məktəblərində işləyənlərdən nə fərqi var?!”.

Modern.az-ın məlumatına görə, bu sözləri maliyyə naziri Samir Şərifov deyib. O, qeyd edib ki, hazırda dövlət qulluqçularının sayı 30 min civarında olsa da, təhsil sahəsində 440 mindən artıq insan çalışır. Odur ki, bu sahədə ciddi, düşünülmüş addımlar artırılmalıdır.

Nazir bildirib ki, artıq Təhsil Nazirliyi islahatlara başlayıb və islahatlar nəticəsində müəllim-şagird sayı beynəlxalq standartlara uyğunlaşdırıla bilər. “Bundan sonra müəllimlərin əmək haqqının artırılması məsələsinə baxmaq olar”.

Nazir eyni zamanda bildirib ki, dövlət qulluqçularının maaşının artırılması da nəzərdən keçiriləcək. “Bu il dövlət büdcəsində çalışanların hamısının maaşı artırılıb. Amma 2014-cü ildə dövlət qulluqçularının əmək haqqının artırılmasına yenidən baxa bilərik”.

S. Şərifov Azərbaycan iqtisadiyyatının inkişafı mövzusuna toxunub. “Bəli, bu gün Azərbaycan iqtisadiyyatı populist vədlər üzərində qurulmayıb. Əgər biz də populist vədlər üzərində siyasət qursaydıq, Avropadakı neqativ hallarla rastlaşardıq”.

“Sosial ipoteka ilə bağlı şərtləri yüngülləşdirməklə bankları müəyyən risklər qarşılaşa bilər”, – deyən maliyyə naziri qeyd edib ki, sosial ipoteka mənzil problemini həll edən maliyyə vasitəsidir. “Maliyyə Nazirliyi bankları məcbur edə bilməz ki, riskləri sığortalamadan ipoteka kreditləri versinlər. İpotekanın dünya praktikası öyrənilir və buna uyğun addımlar atılır. Doğurdan da burada müəyyən güzəştlər edilə bilər. Yəni ipoteka faizlərini müəyyən qədər azaltmaq mümkündür”.