Müəllimlər imtahan verir

tehsil-2

Azərbaycanda ilk dəfə olaraq bu gün Bakıda çalışan müəllimlərin sınaq qiymətləndirilməsinə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, bu gün rus dili və ədəbiyyat (rus bölməsində), ibtidai sinif, təsviri incəsənət və rəsmxətt müəllimlərinin biliyi yoxlanılacaq. İyunun 11-də riyaziyyat, Azərbaycan dili və ədəbiyyat (rus bölməsində Azərbaycan dili daxil olmaqla), iyunun 12-də ingilis dili, informatika, tarix, gənclərin çağırışaqədərki hazırlığı, biologiya, iyunun 13-də isə fizika, kimya, musiqi, fransız dili, fiziki tərbiyə, əmək hazırlığı, alman dili, rus dili (Azərbaycan bölməsində) müəllimlərinin biliklərinin yoxlaması aparılacaq.

Bakı məktəb müəllimlərinin sınaq qiymətləndirilməsində ümumilikdə 357 məktəbin 30070 nəfər müəllimi iştirak edəcək.Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdən 1620 nəfər, Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərindən 592 nəfər, BŞTİ-nin tabeliyində olan tam orta məktəblərdən 27007 nəfər, BŞTİ-nin tabeliyində olan xüsusi gündüz ümumtəhsil məktəblərindən 815 nəfər, BŞTİ-nin tabeliyində olan axşam qiyabi məktəblərindən 28 nəfər, BŞTİ-nin tabeliyində olan islah əmək düşərgəsindən 10 nəfər müəllimin sınaq qiymətləndirilməsində bilikləri yoxlanılacaq.

İmtahanların keçirilməsi üçün paytaxtda müəllim sayına uyğun olaraq 30 mərkəz seçilib.

Ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə təhsil nazirinin 06 may 2014 – cü il tarixli, 526 nömrəli əmrinə əsasən, 10 – 13 iyun 2014 – cü il tarixlərində Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi aparılacaq.

Qiymətləndirilmənin Bakı şəhərində 4 zona üzrə məktəblərdə, müvafiq günlər ərzində 2 növbədə (10:00 – 12:00, 15:00 – 17:00) keçirilməsi nəzərdə tutulub