Mübariz Mənsimov restoran biznesinə ortaq olub

74

 

Türkiyənin tanınmış restoranlar şəbəkəsi olan “Günaydın” Holdinqin səhmlərinin 70 faizini “Doğuş” Holdinqinin rəhbəri Ferit Şahenk və azərbaycanlı iş adamı Mübariz Mənsimov alıb.

İnterpress.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, iş ortaqları bunun üçün 350 milyon türk lirəsi ödəyib.

“Günaydın” restoranlarını almağa ən real namizəd kimi “Doğuş” Holdinqinin rəhbəri Ferit Şahenkin adı hallanırdı. Son dövrlər əyləncə və restoran şəbəkəsinə yatırdığı sərmayələri ilə diqqət çəkən Şahenk “Günaydın”la bağlı bu dəfə fərqli qərar verib. Məşhur iş adamı azərbaycanlı sərmayəçi Mübariz Mənsimovla ortaq olub.

Məlumata görə, iş ortaqları 70 faizlik səhm paketini aralarında bərabər bölüb. “Sabah” qəzeti F.Şahenk və M.Mənsimovun iş ortaqlığının bununla məhdudlaşmayacağını qeyd edir:“İki biznesmen yaxın günlərdə bərabər pay bölgüsü ilə yeni bir şirkət qurmağa hazırlaşır. Buna görə də Şahenk, Mənsimova məxsus “Cipriani Restaurant” və “Billionaire” adlı klubun 50 faiz səhmini alacaq”.

İş ortaqları “Günaydın” restoranlarının sayını 200-ə çatdırmağı planlaşdırır. Bunlardan 100-ü Türkiyə, qalanları isə xaricdə olacaq.

Restoranların ilk olaraq İngiltərə, Almaniya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ kimi ölkələrdə açılması nəzərdə tutulur.