Müdafiə Nazirliyində brifinq keçirilib

Müdafiə Nazirliyində jurnalistlər üçün brifinq keçirilib.

Brifinqdə səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın həftəlik fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələri üçün təşkil olunub.

Brifinqi Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov keçirib.

Anar Eyvazov bildirib ki, “Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiyaya müraciət edən bəzi vətəndaşlar könüllü olaraq komissiyanının işinə köməklik etməklə bağlı müraciətlər ediblər. Bu da tərəfimizdən müsbət qarşılanıb. Həmin vətəndaşlar komissiyaya könüllü qoşularaq digər vətəndaşlarımıza köməklik göstərirlər”. “Vətəndaşların gediş-gəlişini və rahatlığını nəzərə alaraq əlavə olaraq yanvarın 18-dən iki səyyar qrupun da yaradılmasına qərar verilib. Belə ki, həmin səyyar qruplardan biri Pirəkəşkül qəsəbəsində, digəri isə Gəncə şəhərindəki hərbi hissənin ərazisində fəaliyyət göstərəcək”.

O, həmçinin qeyd edib: “Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə yaradılmış komissiyaya bu günə qədər 1 751 nəfər vətəndaş qəbul edilib”.

“Vətəndaşlara lazımi qaydada köməklik göstərilməsi üçün bütün tədbirlər görülür”.