“Müharibə bitsə də, Ermənistanın ölkəmizə qarşı təxribatları davam edir”

“Proseslərin təhlili göstərir ki, müharibə bitsə də, Ermənistanın ölkəmizə qarşı təxribatları müharibədən əvvəlki dövrdə olduğu formada və bir az da kəskin şəkildə davam edir və hələ uzun illər davam edəcək”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, bu gün də Ermənistanın xarici siyasətində Qarabağ mövzusu prioritet məsələ olaraq qalır: “Bu gün də Ermənistan Azərbaycan əleyhinə yalan və saxta təbliğatı davam etdirir. Davamlı olaraq Ermənistan Azərbaycanı təcavüzdə, Qarabağda humanitar böhran yaratmaqda ittiham edir. Hətta Ermənistan bu fəal siyasəti bir sıra müsəlman ölkələrində də sistemli şəkildə aparmağa çalışır. Ermənistan rəsmilərinin davamlı olaraq ərəb ölkələrinə səfəri bu fikri bir daha təsdiq edir. Ermənistan mediası ərəb mediası ilə də fəal iş aparır. Bir neçə gün bundan əvvəl Dubayda yerləşən media orqanına müsahibədə bir daha buna əmin oldum. Jurnalist israrla Beynəlxalq Qırmızı Xaç Komitəsinin qeyri-qanuni əməllərinə bəraət qazandırmağa və Azərbaycanı günahlandırmağa çalışırdı. Heç şübhəsiz ki, Azərbaycan Xarici İşlər Nazirliyi, xarici ölkələrdəki diplomatik korpusumuzun nümayəndələri bu təxribatların qarşısını almaq üçün ciddi səylə çalışırlar. Ancaq bu istiqamətdə səyləri daha da gücləndirmək, Ermənistanın təxribatlarının qarşısının qətiyyətlə alınması üçün bir sıra ölkələrdəki səfirliklərimizin əməkdaşlarının sayının artırılmasına, maddi-texniki bazasının gücləndirilməsinə ciddi ehtiyac var. Bir sıra ölkələrdə səfirlik əməkdaşlarının, maddi-texniki bazanın yetərli olmaması bu missiyanın uğurla yerinə yetirilməsində, Azərbaycan həqiqətlərinin təbliğində bir sıra çətinliklər yaradır. Ona görə gələcəkdə bu məsələnin xüsusi diqqətdə saxlanılmasına ciddi ehtiyac var. Çünki bizim mübarizəmiz hələ uzun illər davam edəcək”.