Musa Urud: “Onun bu cür açıqlamalarına zaman-zaman şahid olmuşuq”

Ermənistan baş naziri Paşinyanın qərbi azərbaycanlılarla bağlı verdiyi açıqlama hiddətə səbəb olub. Beləki, o, açıqlamasında bildirib ki, guya azərbaycanlılar Ermənistanı “könüllü tərk edib və onlara təzminat ödənilməsi ilə bağlı əsassız və bir-biri ilə ziddiyyət təşkil edən iddiaları əsassızdır.
Bundan başqa baş nazir həmçinin qeyd edib ki, o, zaman doğma torpaqlarını tərk edən azərbaycanlılara Ermənistan hakimiyyəti tərəfindən təzminat ödənilib.
Paşinyanın səsləndirdiyi bu fikirlər isə bir-birini tamamilə təkzib edir.
Əgər onun dediyi kimi qərbi azərbaycanlılar yaşadıqları yerləri könüllü tərk ediblərsə, erməni hökümət onlara niyə təzminat ödəyib?
Məsələ ilə bağlı   Milli Məclisin deputatı Musa Urud qeyd edib ki, Paşinyanın bu cür fikir irəli sürməsi onun nə qədər əsassız və axmaqcasına danışdığının bariz nümunəsidir. Deputat həmçinin qeyd edib ki, onun bu cür açıqlamalarına zaman-zaman şahid olmuşuq.
“Azərbaycanlıların 1988 – 1989 – cu illərdə Ermənistan SSR – dən, yəni Qərbi Azərbaycan torpaqlarından “könüllü” olaraq çıxıb getməsi fikri absurddur. Dünyada istənilən şəxsə söyləsəniz ki, insanlar qışın ən soyuq vaxtlarında öz ata-baba yurdlarını, qazanclarını tərk edib, başqa yerlərdə çadırlarda, vaqonlarda yaşamağa “könüllü” şəkildə gediblər, buna heç kəs inanmaz. Halbuki, Paşinyan həmin dövrdə baş verən hadisələri ağlı kəsəcək yaşda idi və olanları dərk etməsə də, gözləri ilə hər şeyi görürdü.
O zamanlar “Saqqalılar” deyə bir erməni terror təşkilatı var idi. Həmin terror təşkilatı ki, dəstə-dəstə bölünərək, hər bir rayonda, kənddə, qəsəbədə evləri talan edib, azərbaycanlıları döyüb, təcavüz edib, öldürürdülər. “Saqqallılar”ın etdiyi bütün vəhşiliklər Ermənistanın yüksək hakimiyyət orqanları səviyyəsində təşkil olunmuşdu və Daxili işlər nazirliyi də buna nəzarət edirdi. Digər tərəfdən Paşinyanın çıxışında həmin insanlara “təzminat ödənilmişdir” fikri isə digər bir yalandır. Əvvəla onu qeyd edim ki, heç kəsə təzminat verilməyib. Eyni zamanda söylənilən ikinci fikir, birinci fikri tamamilə təkzib edir. Əgər söylədiyi kimi bu insanlar könüllü olaraq ərazilərini tərk ediblərsə, nəyə görə hökümət onlara təzminat ödəyib? Yəni onun təzminat ödənilibdir deməsi ilk fikrini inkar etmiş olur. Sabah Paşinyan keçmiş “Dağlıq Qarabağ” və onun ətrafında 7 rayonun sakinlərinin də könüllü öz ata-baba yurdlarını tərk etdiklərini və onlara da təzminat ödənildiyini deyəcək.
Bəs əgər elədirsə Qarabağda, Şərqi Zəngəzur ərazilərinin darmadağın etdiyinə görə təzminatı Ermənistan höküməti nə deyib ödəməyəcəkdir?”
Sonda Musa Urud vurğulayıb ki, qərbi azərbaycanlılar təkrar öz torpaqlarına qayıtmağa tam qətiyyətlidirlər.
Ona görə də, Paşinyanın nə cür fikirlər söyləməsindən asılı olmayaraq, Qərbi Azərbaycan İcması təkrar öz torpaqlarına qayıtmağa tam qətiyyətlidir və hesab edirəm ki, 1988 – 1991 – ci illərdə deportasiyaya məruz qalmış bütün azərbaycanıların öz torpaqlarına qayıtması məsələsi imzalanacaq. Bu sülh müqaviləsində bir müddəa kimi qeyd olunmalıdır”.